Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq 

Bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb, dövlət başçısına təqdim etməlidir.

 

2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Milli Məclisin deputatları isə “Heydər Əliyev İli” haqqında təkliflərini dilə gətiriblər.

 

Deputat Eldar İbrahimov sərəncamla əlaqədar ölkə başçısına təşəkkür edib:

 

“Gələn il ulu öndərin 100 illiyi tamam olur. Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib. 1991-ci ildə Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra burada dirçəlişə çalışdı və Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşını aldı. Biz Heydər Əliyevin hesabına Naxçıvanı əldə saxladıq, qonşu ölkələrdən – İrandan və Türkiyədən gələn yardım hesabına ayaqda qaldıq. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar ulu öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev həyata keçirdi”.

 

Deputat qeyd edib ki, “Heydər Əliyev İli”nin dünyanın müxtəlif ölkələrində qeyd edilməsinə çalışmalıyıq:

 

“Xüsusilə, postsovet ölkələrində müxtəlif tədbirlərin keçirilməsinə nail olmalıyıq. Keçmiş sovet məkanında Heydər Əliyevi sevirlər. Mən əminəm ki, bizim keçirəcəyimiz tədbirlərə maraq böyük olacaq. İstənilən halda, çox vacib məsələdir ki, 2023-cü ildə Heydər Əliyev irsi bütün dünyaya çatdırılacaq. Bir daha sübut olunacaq ki, Azərbaycan xalqı necə böyük xalqdır, dünyada tanınmış siyasi xadim yetişdirib”.

 

Deputat Məlahət İbrahimqızı isə bu qərarın hər kəsin ürəyindən xəbər verdiyini vurğulayıb. Onun sözlərinə görə, ulu öndər hələ sovet dönəmində rəhbərlik etdiyi gündən Azərbaycanın müstəqil olacağını, azərbaycanlıların öz istiqlaliyyətinə qovuşacağını bilirdi:

 

“Ümumilli lider Heydər Əliyev istər Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olanda, istər Azərbaycan SSR-in birinci katibi olanda, Moskvada Siyasi Büronun üzvü olanda bilirdi ki, xalqımız mütləq öz istiqlaliyyətinə qovuşacaq. Çünki Azərbaycan xalqı tarix boyu heç vaxt kölə kimi yaşayan xalqlardan olmayıb. Tarix boyu, yəni Azərbaycan xalqının, türk xalqının mövcud olduğundan bəri bu xalq istiqbalı və istiqlalı ilə hür yaşayıb. Ona görə də, Sovet sistemində çalışanda, yüksək rəhbər vəzifələr tutanda gördüyü işlərlə gələcək müstəqil Azərbaycana töhfələr verib. Müstəqilliyin təməl daşlarını qoyub.

 

O çalışıb ki, Azərbaycan nə vaxtsa, müstəqil olanda, bununla bağlı problem yaşanmasın. Ulu Öndərin Azərbaycanın istedadlı gənclərini SSRİ-nin önəmli universitetlərində təhsil almağa göndərməsi, sovet dövrünün  çətin qadağalarına baxmayaraq, Cəmşid Naxçıvanski adına hərbi məktəbin Azərbaycanda təşkil olunması, azərbaycanlı ziyalıların sovetlər miqyasında çox yüksək səviyyədə qiymətləndirilməsi və başqa bu kimi işləri Azərbaycanın müstəqilliyinə hədəflənmişdi. Heydər Əliyev sovetlər dönəmində azərbaycanlı aydınları misal üçün, Bəxtiyar Vahabzadəni, Elçibəyi rus-sovet faşizminin aləti olan KKB-nin işgəncələrindən xilas edib.  Həm də sovetlər dönəmində Azərbaycan xalqının tarixində Gülüstan müqaviləsinin ağır bir hadisə olduğunu bir daha xatırlatmaq üçün  Bakıda Azərbaycanın ən böyük sarayına Gülüstan adı verilməsi təsadüfi deyil. O vaxt həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk fəaliyyətə keçdiyi məkan olan Gəncənin  Sovet dövründə Kirovabad olması çox ağır bir hal idi. Bu baxımdan Gəncənin rayonlarından birinə Nizami Gəncəvinin xatirəsini yaşatmaq üçün Nizami adı verilməsi, yaxud Bakının ən gözəl bölgələrinə Xətai, Nizami, Nəsimi kimi adların verilməsi milli təffəkürün oyanması, milli şüurun oyanması üçün  atılan addımlar idi”.

 

 

Məlahət İbrahimqızı vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında həmişə yaşayacaq:

 

“Ona görə də, bu qələbənin təməllərini hələ o vaxtdan atırdı. Biz ötən 30 il müddətində gördük ki, ulu öndər Heydər Əliyevin siyasəti nə qədər müdrik və uzaqgörəndir. Biz onu bir çox hallarda dərk etməmişik. Yetərincə, layiqincə qiymətləndirə bilməmişik. Çünki onu qiymətləndirmək üçün Heydər Əliyev kimi mütəxəssis olmaq lazımdır. Alim olmaq lazımdır. Hər keçən gün Heydər Əliyevin dahiliyi, Azərbaycan xalqına bağlılığının bir daha şahidi oluruq. Heydər Əliyev irsi əbədiyaşar, tükənməz bir irsdir, xəzinədir. O xəzindən istifadə edəndə biz Şuşa zəfəri kimi bir zəfər qazanmağa nail oluruq.  2003-cü ildən ümumilli liderin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan  İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Faydalandıqca zəfər və uğur qazanacaq. Son olaraq onu demək istəyirəm ki, Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu öndərin bir sözü var, deyir ki, Azərbaycan durduqca mən var olacam. Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq”.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, Heydər Əliyevə Şuşada, Laçında və  Zəngəzurda abidə qoyula bilər:

 

“Heydər Əliyev üçün Azərbaycanın hər yeri doğmadır. Sadəcə olaraq Şuşa işğal altında olduğundan Heydər Əliyev oraya daha çox diqqət yetirirdi. “Şuşa Azərbaycanın gözüdür” ifadəsi də məhz Heydər Əliyevə məxsusdur. Yenə deyirəm, abidə Şuşada da başqa yerdə də qoyula bilər. Bu cənab Prezidentin tapşırığı ilə 2 ay ərzində hazırlanacaq tədbirlər planında hansı formada öz əksini tapacaq sonra biləcəyik”.

 

Komitə sədri qeyd edib ki, əsas məsələ Heydər Əliyev ideyalarını yaşatmaqdır:

 

“Heydər Əliyevin ideyaları qalib gəlir, yaşayır. Bu isə insanlara xoşbəxtlik gətirir. Dövlətimizi möhkəmləndirir. Hər birimiz çalışmalıyıq ki, Heydər Əliyevin siyasi kursu uzun illər davam etsin. Azərbaycanın iqtisadi gücü möhkəmlənsin, əhalinin sosial rifahı artsın. Azərbaycan dünyada güclü, qüdrətli dövlət olsun. Heydər Əliyev dünya çapında tanınmış dahi  bir lider olduğu üçün ümumiyyətlə, dünyanın hər yerində abidəsi ucaldıla bilər”.

 

“Heydər Əliyev Azərbaycan xalqı üçün böyük xidmətləri olmuş Azərbaycan xalqına xoşbəxtlik bəxş etmiş, faktiki olaraq  müasir Azərbaycanın memarı olan dahi siyasət adamı olub. Buna görə də, gələn il “Heydər Əliyev ili” olduğundan müxtəlif çaplı tədbirlər yüksək səviyyədə həyata keçiriləcək”, – deyə Musa Quliyev deyib.

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Mənbə

Share: