“Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (Gürcüstan Respublikası) qəzetində “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi əbədilik qazanıb” sərlövhəli məqalə dərc olunub. 

 

Məqalədə Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidzenin fikirlərinə geniş yer verilib. 

 

Səfir müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyini dost ölkələr olan Azərbaycan və Gürcüstan üçün əlamətdar tarixi hadisə adlandırıb:

 

“Çox xoşbəxtəm ki, Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda səfir işləmək mənə nəsib olub. Heydər Əliyevlə işləmək çox böyük məsuliyyət tələb edirdi, həm də qürurverici idi. Biz istər dövlətçilik, istərsə də qonşuluq, dostluq sahələrində ondan çox şey öyrəndik. Bu gün mən Heydər Əliyevin dahi, təcrübəli siyasətçi və şəxsiyyət olmasından bir səfir kimi yüksək ehtiram hissi və iftixarla danışa bilərəm”.

 

Diplomatın sözlərinə görə, Heydər Əliyev hər zaman Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi məsələlərin həllinə xüsusi diqqət yetirirdi. Həmin illərdə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadze ortaq iqtisadi problemlərin həllində müstəsna rol oynayıblar. Xəzər dənizindən Qara dənizədək qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin bilavasitə təşəbbüskarı olan Heydər Əliyev Azərbaycanın Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilməsi naminə misilsiz xidmətlər göstərib.

 

“O, sülhün və sabitliyin bərqərar olunmasında daim Gürcüstana dəstək olub. Gürcüstanı tarixən Azərbaycanın qonşu və dost ölkəsi hesab edirdi. Buna görə də qədirbilən gürcü xalqı tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevi çox sevirdi və indi də hörmətlə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. O, ölkəsinin maraqları naminə bütün problemləri tez bir zaman kəsiyində həll etməyə qadir şəxsiyyət kimi ünsiyyət zamanı öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”.

Z.Qumberidze nəzərə çatdırıb ki, dünya siyasətçiləri arasında özünəməxsus yer tutan Heydər Əliyevin vaxtilə Gürcüstan haqqında söylədiyi çox səmimi sözlərin şahidi olub:

 

“Yadımdadır, 1998-ci il fevral ayının 25-də Eduard Şevardnadzenin 70 illik yubileyinin keçirilməsi nəzərdə tutulurdu. Yubiley ərəfəsində Heydər Əliyevin Gürcüstana səfər edəcəyi barədə söz-söhbət gəzirdi. Tədbirlərin birində cürət edib bu barədə onun planlarını öyrənməyə çalışdım. Heydər Əliyev mənə zarafatla dedi: “Mən dostumun yanına gedirəm, bunun heç kimə aidiyyəti yoxdur, xüsusilə səfirliyə”. Heydər Əliyev nümayəndə heyəti ilə Gürcüstana səfər etdi və E.Şevardnadzenin yubiley tədbirinə qatıldı. Onlar uzun müddət keçmiş xatirələrini bölüşdülər. Bu hadisə Heydər Əliyevin dostlara və həmkarlarına olan həssas münasibətinin bariz nümunəsi idi”.

 

Diplomat bildirib ki, Gürcüstan daim Azərbaycanın ən etibarlı dostu olaraq qalacaq:

 

“Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən deyərdim ki, Prezident İlham Əliyev ümummilli liderin yaratdığı dövlətin daha da qüdrətlənməsində böyük rol oynayan dövlət başçısıdır”.

 

Mənbə

Share: