Heydər Əliyevin xarici siyasətdə nələrə nail olmuşdu…

Dəyişən dünya düzənində öz yerini tutmaq, beynəlxalq aləmdə yeni münasibətlərə başlamaq müstəqilliyini bərpa etmiş dövlət üçün o qədər də asan proses deyil. XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoymuş oldu. Bu zaman Azərbaycanı sabit və etibarlı dövlət kimi ağır böhrandan çıxarmağa kömək edən şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. Dünyada gedən mürəkkəb proseslərin mahiyyətini düzgün qiymətləndirməyə və həmin prosesləri milli maraqların tələb etdiyi yola aydın şəkildə yönəltməyə qadir olan siyasi lider elə məhz o idi. Ötən əsrin son illəri bizim üçün çətin, hətta bəzi hallarda ümidsiz reallıqlarla dolu idi. Amma ulu öndərin hakimiyyətə gəlişi təkcə daxildə deyil, xaricdə də bu çətin dövrdə Azərbaycanın nüfuzunu bərpa etdi.

Modern.az saytı Heydər Əliyevin Azərbaycanın xarici siyasətindəki öndərliyinə nəzər salıb.  

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi başlamışdı. Azərbaycan da 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpasından sonra dünyanın bir çox dövlətləri qısa zamanda  Azərbaycan Respublikasını tanımağa başladı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq, həmin qurumlarla və eyni zamanda dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdı. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra respublikanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayırdı. 

O bildirirdi ki, Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu əlaqələri olmalıdır.  Heydər Əliyev özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan ulu öndər Azərbaycanın mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərə yönəlik çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, ABŞ, Rusiya, Türkiyə, İran, türkdilli dövlətlər, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. 

İlk növbədə, yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı.  

Heydər Əliyevin prezident kimi ilk xarici səfəri Fransaya olub. O zaman ulu öndər Fransa ilə münasibətlərə üstünlük verir, əlaqələrin daha da güclənməsi üçün çalışırdı.  

Heydər Əliyev eyni zamanda Rusiya ilə də münasibətlərə xüsusi önəm verirdi. Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərdə uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli idi.  

Ölkələrimizin beynəlxalq münasibətlərinin yeni mərhələsi Rusiya prezidenti Vladimir Putinin Azərbaycana tarixi səfərindən başlayıb. Bu, Rusiya prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Ulu öndər Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli iki ölkənin müxtəlif səviyyələrdə münasibətlərinə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirdi. 

 

Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Elə bu uzaqgörən və ardıcıl siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra həmin siyasətin nəticəsi kimi BMT Baş Assambleyasının 65-ci sessiyasında “İşğal olunmuş ərazilərdə vəziyyətə dair” məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq, dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev onlarla daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu öndər eyni zamanda, müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. 

Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi. 

Bu məqsədlə 1994-cü ilin may ayının 4-də NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə səfər edərək, orada “Sülh Naminə Tərəfdaşlıq Proqramının” çərçivə sənədini imzalayıb. Sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində dinamik inkişaf başlanıb, ölkəmizin təhlükəsizliyi ilə bağlı Alyansla daimi məsləhətləşmələr aparılıb, Azərbaycan ordusunda islahatların gerçəkləşdirilməsi və ordunun NATO standartlarına uyğunlaşdırılması həyata keçirilib. Bununla yanaşı, Azərbaycan ordusunun hissələri NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarında iştirak etməyə başladı. 
 

Özünün xarici siyasət kursunda Heydər Əliyev Avropa Şurası kimi mötəbər bir təşkilata da çox böyük əhəmiyyət verib. 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü seçilib. Azərbaycanın xarici siyasətində MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və digər qurumlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət verilirdi. 
 

Heydər Əliyevin öndərliyilə 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edilməsinə, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə yeni Konstitusiyanın qəbuluna, Şərqlə Qərbi birləşdirən qədim “İpək Yolu”nun bərpasına və digər mühüm işlərin həyata keçirilməsinə nail olundu.  

Heydər Əliyevin Azərbaycanın xarici siyasətində oynadığı rolu dünya dünya liderləri yüksək qiymətləndiriblər.  

Dünya liderlərinin ümumilli lider haqqında düşüncələri belədir:      

      

“Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən bir liderdir”.   

Rəcəb Tayyib Ərdoğan,
Türkiyə prezidenti. 

  

“Heydər Əliyev doğrudan da Rusiyanın böyük dostu idi, biz bunu hiss edir və yüksək qiymətləndirirdik. O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, o, siyasi nəhəng idi. Mən sadəcə ona hörmət etmədim, həm də ona dərin heyran oldum”.   

Vladimir Putin, 
Rusiya Federasiyasının prezidenti. 

  

“Mən Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqliyinə heyranam!”. 
 
Corc Buş, 
Amerika Birləşmiş Ştatlarının prezidenti. 
 
 
“Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən görkəmli dövlət xadimlərindən biridir”. 
                                                                        

Süleyman Dəmirəl,
Türkiyənin keçmiş prezidenti.

  

“Mən Heydər Əliyevə dərin hörmət bəsləyirəm, onun siyasi fəaliyyətini və ustalığını, uzaqgörənliyini yüksək qiymətləndirirəm”. 

 
Butros Qali, 
BMT-nin keçmiş baş katibi.  
 

“Bu nadir şəxsiyyət Azərbaycanı çiçəklənməyə gətirib çıxarmışdır. Görüşlərimiz zamanı, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar apararkən onun münaqişənin sülh yolu ilə həllində göstərdiyi qəhrəmanlıq, müdriklik və əzmkarlığını yüksək qiymətləndirirdim”. 
 
Jak Şirak, 
Fransa Respublikasının prezidenti. 

  

“Azərbaycan Respublikası uzun illər bütün ölkənin həyatına dərin təsir göstərmiş, Azərbaycan tarixində əfsanəvi yer tutan Heydər Əliyev şəxsiyyətində böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin sabitliyi və müstəqilliyi yolunda qazanılan tarixi nailiyyətlərlə əbədi olaraq bağlı olacaqdır”.   

Gerhard Şröder, 
Almaniya Federativ Respublikasının keçmiş kansleri. 

  

“Heydər Əliyev Azərbaycanın dahi rəhbəri olub. Xaos dövründə ölkəsinə sabitlik gətirib. Azərbaycan xalqı onun qoyduğu irslə fəxr etməlidir. Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə irəliləyiş əldə edilmiş, Azərbaycan Avropa ilə münasibətlərini yaxşılaşdırmışdır”. 
 
 

Toni Bleer, 
Böyük Britaniyanın sabiq baş naziri. 

  

“Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və ölkəsində inkişafın əsasını qoyan, regionda sülhün və sabitliyin qorunmasına misilsiz töhfələr verən əvəzsiz lider idi”. 
  

Junichiro Koizumi, 
Yaponiyanın keçmiş baş naziri 
 
 

“Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına mehriban münasibət bəsləyən cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq əlaqələrində mühüm rol oynamışdır”. 
 
Hu Szıntao  
Çin Xalq Respublikasının keçmiş sədri. 

 
 
“Prezident Heydər Əliyev Azərbaycan Respublikasının sabitliyində və tərəqqisində təsirli rol oynamışdır; o, Azərbaycan xalqının rifahı və sülhü naminə çalışan təcrübəli və tanınmış siyasətçi idi. Cənab Heydər Əliyevin regional sülhə və dostluğa nail olması, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşməsi yolunda xidmətləri  heç vaxt yaddaşımdan silinməyəcək”. 

Seyid Məhəmməd Xatəmi, 
İran İslam Respublikasının keçmiş prezidenti. 

“Heydər Əlirza oğlu qazax və Azərbaycan xalqları arasında çoxəsrlik dostluğun möhkəmlənməsinə, Azərbaycan Respublikasının, eləcə də MDB-nin inkişafına yönəlmiş çoxlu işlər görmüşdür”. 
 
Nursultan Nazarbayev, 
Qazaxıstan Respublikasının keçmiş prezidenti. 
 
 
“Heydər Əliyevin adı həmişə doğma torpaqla bağlıdır. Müstəqil və suveren Azərbaycanın firavanlığı və tərəqqisi, ölkədəki ictimai-siyasi vəziyyətin sabitliyi və regionda möhkəm sülh axtarışları bütün dünyada Heydər Əliyevə yüksək nüfuz və səmimi ehtiram gətirdi. Azərbaycan xalqı, onun əməyinə, xidmətlərinə minnətdar olan bütün səmimi insanlar Heydər Əliyevin adını əbədi xatırlayacaqlar”.   

Emomali Rahmon, 
Tacikistan Respublikasının prezidenti. 

  

“Azərbaycanın müstəqilliyinin təşkilində və möhkəmləndirilməsində, beynəlxalq aləmdə nüfuzunun artırılmasında, xalqlarımız arasında ikitərəfli əlaqələrin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu əvəzsizdir”. 

  

İslam Kərimov, 
Özbəkistan Respublikasının keçmiş prezidenti. 

Mənbə

Share: