
Dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq ABŞ, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqazda, o cümlədən Azərbaycanda ilk dəfə həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıb. Peyvəndlənmə helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində meşəlik sahələrə aldadıcı yem vasitəsi qoyularaq gerçəkləşdirilib.
Bu barədə Baytarlıq müfəttişi Qalib Əbdüləliyev Moderator.az saytına məlumat verdi.
“Bizim regionda bir sıra heyvan xəstəlikləri endemik xüsusiyyət daşıyır, bu o deməkdir ki, bu xəstəliklərin törəyicisi- təbii mənbəyi bizim ölkəmizdə, regionda mövcuddur. Ona görə də mütəmadi olaraq, xüsusi təyinatlı tədbirlərin həyata keçirilməsinə zərurət var.”
Bu yemlər insan sağlamlığı üçün təhlükəsiz olsa da, agentlik əhalidən onlara toxunmamağı xahiş edir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə bu zaman da həmin heyvanlar üçün heç bir narahatlıq baş verməz.
“Biz belə bir əməkdaşlıq üzərində işliyirik ki, bizim həyata keçirdiyimiz peyvəndləmə tədbirlərinə, eyni zamanda, Gürcüstan qoşulsun. Bu yaxınlarda Rusiya Federasiyasının müvafiq orqanı ilə apardığımız müzakirələrə görə gələn il bu tədbirin aparılmasında Rusiya Federasiyası da öz sərhədləri daxilində qoşulacaq.”
Qeyd edək ki, aparılan monitorinqlərlə ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Bu səbəbdən aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması olduqca vacibdir.
Gülçin Qorxmaz
Moderator.az