Aya göndərdiyi “Çandrayan-2” missiyasının uğurlu olmaması ilə bağlı mübahisələrin davam etdiyi vaxtda Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kosmosa daha bir irimiqyaslı ekspedisiya – Günəşi tədqiq edəcək zond göndərəcəyini bəyan edib.
AZƏRTAC Quint agentliyinin saytına istinadla xəbər verir ki, 2020-ci ildə kosmosa göndərilməsi planlaşdırılan aparat “Aditya L1” adlanır. ISRO-nun məlumatında qeyd olunur ki, bir neçə aydan sonra kosmosa buraxılacaq zond Günəş sistemindəki orbitdə Laqranja adlı (L1) bölgədə – Yer kürəsindən təxminən 1,5 milyon kilometr uzaqlıqda yerləşəcək. Həmin nöqtədə avtomatik stansiyanın Yerlə Günəş arasında hərəkətsiz dayanması mümkün olacaq. Belə ki, burada heç bir vaxt Günəş tutulmaları baş vermir və zond maneəsiz olaraq onun şüalarını tədqiq edə biləcək. Bundan başqa, aparat Günəşin maqnit sahəsindən də uzaqda olacaq ki, bu da nəhəng ulduzun həmin sahəsini ölçməyə imkan yaradacaq. Stansiyada Yerin işıq mənbəyinin müxtəlif parametrlərini ölçmək üçün yeddi müxtəlif tədqiqat sistemi quraşdırılıb. Belə ki, zond Günəşdən gələn hissəciklərin axınını, maqnit sahəsini, partlama nəticəsində ətrafa yayılan dalğaları, habelə onun fotosferasını və xromosferasını ölçəcək.
ISRO-nun bəyanatında Ayın orbitində itmiş “Vikram” enmə modulu ilə əlaqənin bərpa edilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, hind mütəxəssislər sentyabrın 21-dək bu rabitənin yenidən yaradılması üzrə işləri davam etdirəcəklər.
Xatırladaq ki, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi ilə əlaqəni itirib. Belə ki, sentyabrın 6-dək lunoxodun Ayın səthinə enməsi əməliyyatı plana uyğun həyata keçirilirdi və onu son olaraq 2,1 kilometrədək müşahidə etmək mümkün olub. Lakin bu məqamda rabitə itib və 9 gün keçməsinə rəğmən bərpa olunmayıb.