Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 % səviyyəsində olacağı proqnozlaşdırılır.
İlkin proqnozlarda orta illik inflyasiya 6,9 % səviyyəsində nəzərdə tutulub, ancaq Nazirlik qeyd edir ki, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla inflyasiyanın 10,4 % səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu, ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.
İnflyasiya poqnozunun artmasının səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, qiymət artımın tempi əvvəlkindən elə də fərqlənmir:
“İlkin proqnoz deyəndə ilin əvvəlində söylənilən rəqəmdən söhbət gedir. İlin əvvəlində, xüsusən də keçən ilin sonlarında bu il üçün inflyasiyanın səngiyəcəyi proqnoz edilirdi. Ölkə daxilində bahalaşmanın, inflyasiya tempinin həm xarici, həm də daxili təsirlər nöqteyi-nəzərdən yavaşlayacağı gözlənilir. Ona görə də, keçən ilin sonunda, bu ilin əvvəlində ilkin proqnoz olaraq, inflyasiyanın cari il ərzində birrəqəmli şəkildə olacağı gözlənilirdi. Ancaq il başlayandan bəri bahalaşma və inflyasiya templəri zəifləsə də, bizdə bu özünü göstərmədi. Sadəcə olaraq, aprel ayında bir qədər səngimə qeydə alındı.
Ümumilikdə götürdükdə isə qiymət artımı prosesinin öz əvvəlki tempindən heç də fərqlənmədiyi müşahidə olunur. Biz artıq ilin ikinci yarısındayıq. Ərzaq inflyasiyası kifayət qədər yüksək səviyyədədir. Ümumən götürdükdə, prosesin sürətində müəyyən zəifləmə qeydə alınsa da, xüsusən ərzaq məhsullarında qiymət artımının dayandığı haqqında danışmaq mümkün deyil. Buna görə də hökumət öz inflyasaiya gözləntilərini artırmışdı. Bu il üçün inflyasiyanın yenə də ikirəqəmli şəkildə qeydə olunacağı proqnozu irəli sürülüb”.
P.Heydərov proqnozlaşdırılam vəziyyətin qarşısının alınması məqsədilə müəyyən addımlar atıldığını söyləyib:
“Ölkədə bunun qarşısını almaq üçün müəyyən addımlar atılır. Anti-inflyasiya addımları atılır. Mərkəzi Bank sərt pul krediti siyasaəti üzərində köklənmiş işlər yürüdür. Bununla belə inflyasiyanı tam olaraq cilovlamaq mümkün deyil”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə vurğulayıb ki, inflyasiya ilə bağlı proqnozlar mənbələrə görə dəyişir:
“Eləcə də Azərbaycanda 2023-cü il üzrə inflyasiya proqnozu həm Azərbaycanda olan qurumların, həm də beynəlxalq qurumların infliyasiya proqnozları bir pillə fərqlənir. Ən optimist proqnoz Mərkəzi Bank tərəfindən verilib. İlin əvvəlində də, əvvəlki dönəmdə də 8 faiz proqnoz edilirdi. Sonrakı proqnozlarda müəyyən cüzi dəyişikliklər edildi. Mərkəzi Bank tərəfindən ən minimal hədd bildirilir. Lakin Maliyyə Nazirliyi daha fərqli proqnoz verir. Eləcə də beynəlxalq qurumlar fərqli fikir söyləyirlər.Bunların verdiyi proqnoz ikirəqəmlidir. Hesab edirəm ki, Azərbaycanda bu il inflyasiyanın birrəqəmli ədədlə ifadə edilməsi gözlənilən deyil. Ehtimal çox aşağıdır. Ehtimal ki, inflyasiya il sonuna 10-11 faiz həcmində qiymətləndiriləcək. Bu hazırkı vəziyyətə uyğun verilən proqnozdur”.
İqtisadçı söyləyib ki, inflyasiya əhalinin alıcılıq qabiliyyətinə mənf təsir göstərə bilər:
“Ötən il inflyasiya 13,9 faiz olub. Bu il inflyasiya o həddə çatmayacaq. Rəsmi statistikaya əsasən inflyasiyanın 10 faiz bildirilməsi ehtimalı çoxdur. Bu proqnoz 11-13 faiz olsa belə, durum aşağı-yuxarı bugünkü kimi olacaq. Ciddi pisləşmə gözləmirəm. Ancaq bu əlbəttə ki, əhalinin alıcılıq qabiliyyətinə öz mənfi təsirini göstərəcək. Gəlirlərin idarə edilməsində və müəyyən tələbatların ödənilməsində çətinlik yaşanacaq. Hansı səviyyədə infliyasiya olacaqsa, növbəti ilin yanvarında həm pensiyalarda, həm də orta aylıq əmək haqlarında indeksasiyalar aparılacaq. Ona görə də hökumət mümkün qədər inflyasiyanı aşağı salmağa çalışır ki, həm əhalinin xərcləri artmasın, həm də indeksasiya aşağı faizlərlə edilərsə, bir o qədər az vəsait xərclənmiş olar”.