İƏT Komissiyası Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun ölkədə səfərdə olan İƏT nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

S.Poladov ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.

Nümayəndə heyəti Gəncə şəhərinə səfərləri zamanı Vətən müharibəsi dövründə düşmən tərəfindən raket hücumlarına məruz qalmış yaşayış ərazisinə baş çəkdiklərini, gördüklərindən dəhşətə gəldiklərini ifadə ediblər. Habelə səfər çərçivəsində Ağdam və Füzuli rayonlarında dini, mədəni və tarixi abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, əsasən mülki təyinatlı ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsinin şahidi olduqlarını bildiriblər.

Onlar həmçinin işğaldan azad edilmiş ərazilərdə əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını qeyd ediblər.

Mənbə

Share: