İbrahimoviç gələndən “Milan” uduzmur

Zlatan İbrahimoviçin “Milan”a qayıdışı komandada özünəinamı artırıb.

Qol.az xəbər verir ki, isveçli hücumçunun gəlişindən sonra “Milan” ardıcıl  beş oyunda qələbə qazanıb. Məğlubiyyətsiz oyunlar seriyası isə altıya çatıb.

“Qırmızı-qaralar” A Seriyasında “Kalyari” (2:0), SPAL (3:0), “Udineze” (3:2) və “Breşiya”ya (1:0), İtaliya kubokunda isə ötən gecə “Torino”ya (4:2) qalib gəlib. Zlatan sözügedən 5 oyunda 2 qol vurub.

38 yaşlı forvardın “Milan”a ikinci qayıdışından sonra debüt matçı isə “Sampdoriya” ilə görüşə təsadüf edib. Maraqlıdır ki, hər zaman oyunundan başqa, iddialı açıqlamaları ilə də yadda qalan futbolçu  qolsuz başa çatan görüşdən sonra komandada inamsızlığın olduğunu, ancaq “Milan”a gəlişi ilə bunun aradan qalxacağını bildirmişdi: “Cəmi dörd gündür buradayam və hər mənada “Milan”a kömək etmək üçün çalışacağam. Komandada bir az inamsızlıq var. Növbəti oyunlarda belə olmayacaq”.

Qeyd edək ki, “Milan” sonuncu dəfə iki il əvvəl ardıcıl 5 oyunda qələbə qazanıb. Komanda hazırda 21 oyuna 31 xalla 8-ci pillədə qərarlaşıb.

Share: