İbtidai sinifdə bu dil tədris olunsun – Millət vəkili

Türkiyə ilə qardaşlıqdan, birlikdən çox danışılır. Bəlkə də buna ehtiyac yoxdur. Tarix göstərir ki, biz bir yerdə olmağımız labüddir. Bu həm bizə, həm də Türkiyənin maraqlarına uyğundur.

Milletinsesi.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Deputat əlavə edib ki, uzun illərdir türk respublikalarında ortaq dil haqqında müzakirələr gedir:

“Əslində bu, yanlış yanaşmadır. Heç bir ölkə öz dilini dəyişməz. Söhbət ünsiyyət dilindən gedə bilər. Bu ünsiyyət dili də şübhəsiz ki, 85 milyon əhalisi olan və hər bir türk ölkəsində televiziya kanalları göstərilən Türkiyə Cümhuriyyətinin türkcəsidir. Bəzən deyirlər ki, bizim dilimizi türk dilləri ilə zibillədilər. Hansıki 50 ildir dilimizi rus və ingilis dili zibilləyəndə heç kəs heç nə demir. Amma türk sözləri gələndə bunu deyirlər. Azərbaycanla Türkiyənin yaxınlaşmasına qısqanclıq edirlər. Onlarla sözlər var ki, ortaq şəkildə istifadə etmək, hətta yeni terminlərin işlədilməsi üçün koordinasiya yaratmaq olar. Baxanda görərik ki, onsuz da türk filmlərinə hamı türk kanallarında baxır, heç kim onun tərcümə olunan variantına baxmır”.

S.Rüstəmxanlı qeyd edib ki, xarici dilləri öyrənirik və bu lazımlıdır:

“Mənim fikrimcə, əgər bütün türkdilli respublikalar ünsiyyət dilini 5-ci siniflərə qədər keçsə, 10 ildən sonra bütün türk respublikalarının ziyalıları, əhali problemsiz danışmaq imkanı əldə edə bilər. Bu strateji məsələdir. Hər halda Türk Şurası bu məsələyə diqqət edə bilər”.

Share: