“İdrakda” açılan atəşin səbəbi

“İdrakda” açılan atəşin səbəbi

İdrak Liseyində 15 yaşında, 10-cu sinif şagirdi 29 yaşlı qadın müəllimini güllələyib.

Ciddi, narahatlıq doğuran hadisədir:

1. Hər bir halda günah bu qəsdi planlaşdıran yeniyetmədədir. Bir şəxsin digər şəxsə atəş açmasının alibisi yoxdur – onda qala, 15 yaşlı şagirdin müəlliminə qəsdi ola;

2. Məktəblərdə təhlükəsizlik bərbaddırmı? Özəl və yaxud dövlət qurumları (eyni hadisə dövlət məktəbində də ola bilərdi) təhlükəsizliyi təmin edə bilmirmi?

Bir məktəbə səhər 8:00 radələrində arxasında çantası, çantanın içində qələmdən tutmuş karandaşyonana qədər, müxtəlif “dəmir elementləri” olan əşyalarla 1000-2000 şagird daxil olur. Cəmi 10-15 dəqiqə ərzində bu qədər şagirdin çantasını və üst-başını necə yoxlamaq mümkündür ki!?

Şagirdin “yoxlanılması” onun məktəbli formasıdır, sinif yoldaşlarıdır, sıraya düzülərkən önündə dayanan sinif rəhbərləridir. Təhlükəsizlik – yad şəxslərin məktəb binasına daxil olmasının qarşısının alınmasıdır; məsələn, ADNA hadisəsi kimi. O qətliam üçün təhlükəsizliyin təmin olunmamasından danışmaq yerindədir, bu insident üçün yox.

Məktəbin təhlükəsizliyi həm də hər bir valideyndən asılıdır: valideyn uşağın psixoloji durumuna, çantasına nələr yığmasına nəzarət edə bilmirsə, onda bu hadisəni törədənin ilk olaraq valideyni məsuliyyətə cəlb edilməlidir:

a) Ov tüfənginə şagirdin əli necə çatıb?

b) Ov tüfəngi sökülüb, şagirdin çantasına qoyulub və valideynin heç nədən xəbəri olmayıb? Niyə?

c) Övladında psixoloji problemlərin başladığını valideyn niyə görmür?

3. İdrak Liseyi kifayət qədər yüksək təhsil haqqı ilə seçilir. Burada illik təhsil haqqı 16 min manatı keçir. Azərbaycanda 2025-ci il üçün minimum maaş 400, orta aylıq əməkhaqqı 1087 manatdır. Yəni orta aylıq maaş alan “orta statistik azərbaycanlı”nın övladı bu liseydə oxuya bilməz, çünki adam bütün maaşını gətirib bu məktəbə ödəsə, yenə illiyində 4 mindən çox borclu qalaq – bəs, ailəsini nə ilə dolandıracaq?

Demək, burda təhsil alan maddi baxımdan kifayət qədər yüksəktəminatlı ailənin övladıdır.

İndi gəlsin valideyn, görək o yüksək təhsili ödəmək üçün əldə etdiyi vəsait halaldırmı? Qazancı övladının qudurub, müəlliminə güllə atmasına səbəb olmayıb ki? Bu gün müəlliminə güllə atan ailənin övladı sabah Əhmədə çevrilib, o haramı evə daşıyana zərər verməyəcək ki?

İddiaya görə, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini olub bu cinayəti törədinin atası. Prokurorluq onun da fəaliyyətini araşdırmalıdır.

O ki qaldı ABŞ-da hər gün məktəblərdə kriminal hadisələr, qətliamlar baş verməsini misal göstərib, bu hadisəni adiləşdirməyə çalışanların məntiqinə: Azərbaycan xalqı böyük ənənələrə malikdir: öz adətlərimiz, dəyərlərimiz, düşüncəmiz, ictimai baxışımız var. Bizim ölkədə şagird müəlliminin üzünə qayıtmaz (nəinki güllələmək); bizim ölkədə ən kriminal şəxs belə polisinə güllə atmaz – Gəncədə baş verən o hadisə buna görə ölkəni sarsıtmışdı…

Çünki bizim düşüncəmizdə müəllim – həm də valideyndir, anadır, atadır: bizim nəslin uşaqları xatırlayır – valideynlərimiz müəllimlərimizə “əti sənin, sümüyü mənim” deyib, göydə Allaha, yerdə müəllimlərimizə əmanət edirdilər. Məktəbdə müəllim töhməti, müəllim şilləsi görən şagird bunu qorxusundan evdə demirdi ki, ata-ana o dəqiqə “gör müəllimi nə həddə çatdırmısan, nə qələt etmisən ki, səni döyüb” deyib, uşağı tənbeh edərdi.

Çünki doğrudan da o müəllimlər üçün uşaqlar övlad kimi idi.

İndi təhsilə cavabdehlər düşünməlidir: nə dəyişib, nə baş verib, hansı nizamı pozublar ki, müəllim şagirdin əzizi, canı, ciyəri yox, düşmənidir?

Yalnız “sertifikatlaşma”, yalnız “yüksək bal”, yalnız “test” meyarı ilə gənc, enerjili müəllimləri seçib-əzizləyib, 65 yaşında ağsaqqal-ağbirçək, bəlkə də 25 yaşlı gəncdən savad baxımından geri qalan, ancaq müdrikliyi, uşağa sevgisi, peşəkarlığı ilə valehedici və əvəzolunmaz müəllimləri pensiyaya göndərməklə məktəblərimizi başsız qoymuruq ki?

Pedaqoji keyfiyyətləri üstün tutmaq əvəzinə, yalnız və yalnız test suallarının cavab variantını “atdım-tutdum”la dolduranları daha yüksək maaşla iş yerlərinə doldurub, 60 yaşlı müəllimi “bal” çatışmazlığından təhsildən uzaqlaşdırmaqda doğrumu qərar veririk?

İmtahanları hər keçən gün daha da çətinləşdirib, uşaqları günün yarısını məktəbə, digər yarısını hazırlıqlara, gecəni isə “test tapşırıqları” işarələməyə vadar etməklə, onların psixologiyasını məhv etmirik ki?

Qəbul imtihanlarını hər ötən il bir az da çətinləşdirib, ali təhsil almaq istəyən balalarımızı sanki bu doğal hüquqdan məhrum etmək istəyən bədheybətlərə çevrilmirik ki?

Biz məktəbdə həm də əylənirdik, oynayırdıq: məktəb yalnız təhsil vermir axı! Məktəb tərbiyə verir, ünsiyyət qurmaq bacarığı aşılayır, böyüyə-kiçiyə hörmət öyrədir…

Dərslər arasında tənəffüsü 10 dəqiqədən 5 dəqiqəyə endirməklə, böyük tənəffüsü yarıbayarı azaltmaqla, əlavə dərslər salmaqla düzmü etdik?

Böyük tənəffüs – təkcə yemək deyildi, həm də gizlənpaç idi, qaçdı-tutdu idi, demək-gülmək idi bizim məktəbli dövrümüzdə.

Biz uşaqların əlindən hər şeyi alıb, onları robota çevirdiyimizi nə vaxt dərk edəcəyik?

Biz uşaqların bütün əyləncələrini və uşaqlığını əlindən alıb, onları testlə yükləməkdən, repetitora məhkum etməkdən nə vaxt əl çəkəcəyik!

Hanı bu qədər ağır yükləmə ilə yetişdirdiyiniz fitri istedad? Hanı dahilər? Hanı dünyaya səs salan ixtiralar, kəşflər edən gənclər?

Bu uşaqları bu qədər yükləyib, bu qədər “testə oturdub”, beyinlərini qurutmuruq ki? Özlərinə, ətrafa, doğmalarına, müəllimlərinə və cəmiyyətə nifrət etmələrinə səbəb olmuruq ki?

Oturun, düşünün: bəlkə, bəsdir ilbəil testi çətinləşdirməyiniz, cəmiyyəti taun kimi repetitorlaşdırmağınız!

Bir neçə gün əvvəl öyrənmişəm: yeni imtahan proqramlarını mükəmməl öyrənən müəllimlər böyük qruplarla dərslər keçirlər – qrupda uşaqların sayı 20-25 nəfər, həftədə 3-4 qrup! Hər bir uşaq da 100-120 manatdan…

20-25 nəfər – tam-dolu sinifdir. Bu müəllim eyni ruhla məktəbdə-sinifdə niyə dərsi keçmir?

Təxmini 1,5 milyon uşağın 1/3-nin hazırlıqlara getdiyini düşünüb, ortada milyardlar fırlandığını təxmin etmək çətin deyil!

Biz bu milyardlara görəmi uşaqlara zülm edirik, onları repetitorluğa yönəldirik, qəsdən imtahanları çətinləşdiririk ki, hamı hazırlıqdan başqa yol görməsin? Bütün bunları öz nəfsimiz naminəmi edirik?

Bəlkə, məktəblərdə yuxarı siniflər ixtisaslaşsın, bölünsün, kim hansı qrupu seçirsə, o qruplar üzrə siniflər təşkil edilsin – nəhayət, uşaqlar məktəbdən kənar bu qədər yüklənməsinlər; nəhayət uşaqlar məktəb vaxtı da bunca ağırlıq altında qalmasınlar.

O ağırlıq böyük istedadları üzə çıxartmır, yalnız və yalnız psixi duruma təsir edir, uşaqları yalqızlaşdırır, tənhalaşdırır, özlərinə qapılmağa vadar edir və robotlaşdırır.

Çox arzulayardım ki, “İdrak”da müəllimə açılan bu atəş idrakımızı oyatsın – nəhayət, ayılaq, uşaqlardan əl çəkək, onları bu qədər yükləyib, məhv etməyək!

Nəhayət, ibtidai təhsil kimi, hər bir uşağın ali təhsil haqqını da tanımış olaq!

Müəllif: Anar Niftəliyev

Share: