İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən “Hacı Paşa evi” adı ilə tanınan 72 otaqlı, 2 və 3 mərtəbəli tarixi yaşayış binası qəzalı vəziyyətdədir .
Bizimyol.info xəbər verir ki, 200 ildən çox yaşı olan bina 14 il müddətində, Lahıcın memarlığına uyğun olaraq inşa olunub. Binaya iki tərəfdən giriş mümkündür — Bədəvan məscidi tərəfdən və Girdiman çayının sol sahili istiqamətindən. Məscid tərəfdən giriş qənaətbəxş olsa da, Girdiman çayı tərəfdən olan giriş tamamilə dağılıb.
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunduqdan sonra yerli camaat 72 otaqlı evin dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil olunması üçün müraciət ediblər. Ancaq bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması üçün hələ ki bir iş görülməyib.
Bu tarixi abidə baxımsızlıq ucbatından ildən-ilə uçub-dağılır. Bina qəsəbənin strateji hissəsində inşa edildiyindən Lahıcın ala qapısı hesab edilir. Lahıca gələn bütün qonaqlar, yerli və əcnəbi turistlər öncə buranı ziyarət edirlər. Təəssüflər olsun ki, dağılmış, yararsız hala düşmüş tarixi abidə ilə qarşılaşırlar, hətta şəkilini də çəkirlər.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bizimyol.info-ya bildirib ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.
Lahıc qəsəbəsində, Girdiman çayının sahilindəki Əli Bayramov 11 ünvanında yerləşən 3 mərtəbəli 200 ildən çox yaşı olan “Hacı Paşa evi” adı ilə tanınan yaşayış evinin hal-hazırda qəzalı vəziyyətdə olması ilə bağlı, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi tərəfindən Dövlət Turizm Agentliyinə rəsmi məlumat verilib. Aidiyyəti üzrə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən binanın vəziyyətinin foto təsviri ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sözügedən binanın texniki vəziyyətinin müayinəsi üçün müraciət ünvanlanıb”.