
“İki gün əvvəl bir həndbolçumuz zədə aldı. Bu da bizə çətinlik yaratdı”.
“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Kür”ün baş məşqçisi Nasser Salimi Xorvatiyanın “Sesvete” klubuna 24:34 hesabı ilə uduzduqları Avropa Kubokunun cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis komandasının getdikcə daha yaxşı çıxış edəcəyini düşünür: “Oyun çox ağır keçdi. “Sesvete” Xorvatiyanın güclü komandalarından biridir. Ümid edirəm ki, gələcəkdə onlardan da gözəl oyunlar nümayiş etdirərik. Qarşıda bizi Azərbaycan çempionatı gözləyir. İnanıram ki, liqada daha gözəl çıxış edəcəyik. Bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkürümüzü bildiririk”.