“Naməlum uçan obyekt”lərdən biri yaşayış binasının yaxınlığındakı yardımçı tikilini dağıdıb…
Cümə günü, dekabrın 16-da Rusiya Federasiyası tərəfindən Ukraynaya qarşı təşkil edilmiş irimiqyaslı terrorçu raket hücumu zamanı yerli hakimiyyətin ifadəsi ilə desək, “naməlum uçan obyektin” fraqmentləri Rusiyanın Volqoqrad vilayətinin ərazisinə düşüb.
Moderator.az “TSN”-ə istinadla xəbər verir ki, qəza yerindən fotolar yerli telegram-kanalları tərəfindən yayımlanıb.
Məlumata görə, Ukrayna ərazisinə uçmaqdan “yorğun” olan Rusiya raketlərinin qalıqları düşməzdən əvvəl yerli sakinlər “səmada dəhşətli səslər” eşidiblər.
Volqoqrad vilayətinin Yelansk rayonunun rəhbəri Dmitri Litvinov fövqəladə hallar xidmətinə istinadla “naməlum aparatın hissələrinin düşdüyünü” təsdiqləyib. O, həmçinin bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və sosial əhəmiyyətli infrastruktura heç bir ziyan dəyməyib.
Yayımlanan şəkillərə əsasən, raketlərdən biri yaşayış binasının yaxınlığındakı anbara düşüb. Digəri “müvəffəqiyyətlə” boş sahəyə eniş edib.
Hadisə yerində təcili xidmətlər və polis işləyir.
Sultan Laçın