1818-ci ildə Almaniyanın Vütenberq knyazlığından mühacir kimi Azərbaycana köçən və 1819-cu ildə hazırkı Göygöl rayonu ərazisində Yelenendorf koloniyası salaraq burada məskunlaşan almanların ölkəmizdə yaşayan sonuncu nümayəndəsi Viktor Klayna məxsus ev bundan sonra muzey kimi fəaliyyət göstərəcək.
“Report”un Qərb bürosunun məlumatına görə, evin muzeyə çevrilməsi üçün aparılan təmir-bərpa işləri artıq tamamlanıb.
Muzeyin yaxın vaxtlarda açılması gözlənilir. Burada Azərbaycandakı alman irsini əks etdirən eksponatlar sərgilənəcək.
Qeyd edək ki, həmin ev V.Klayna ana babasından miras qalıb və o, ömrünün sonuna qədər orda yaşayıb.
Muzeyə çevrilən evin maraqlı tarixçəsi var. İkinci Dünya müharibəsi zamanı almanların sürgün edildiyi dövrdə V.Klaynın 6 yaşı olub. Onun atası polşalı olduğu üçün ailəyə toxunmayıblar və Azərbaycanda qalıb.
Atası həkim, anası evdar qadın olan Klayngil Göygöldə qalan tək alman ailəsi olub.
Atası dünyasını dəyişdikdən sonra o, anası ilə birgə bu evdə yaşamağa davam edib. 1935-ci ildə Yelenendorfda anadan olan V.Klayn rayonda radiotexnik işləyib və heç bir zaman ailə qurmayıb.
Sovetlər birliyi dağıldıqdan sonra Almaniya hökuməti ailəyə Almaniyaya köçməyi təklif edib. Anası bununla razılaşsa da, V.Klayn Azərbaycandan getməyə razı olmayıb.
Onun anası 1995-ci ildə dünyasını dəyişib. Anasının ölümündən sonra həyatdan küsən Viktor 12 il burada tənha ömür sürüb.
O, 2007-ci ildə vəfat edib və Göygöldə olan alman qəbiristanlığında dəfn olunub.
V.Klayn alman irsini təbliğ etmək məqsədi ilə ölümündən əvvəl evini içərisindəki əşyalarla birgə Almaniyanın Azərbaycandakı səfirliyinə bağışlayıb. Ona məxsus bütün əşyalar hazırda evdə qorunub saxlanılır.
Almaniya səfirliyi isə evi Azərbaycan Mədəniyyət Nazirliyinin balansına verib. Nazirlik V.Klaynın mənzilində muzey yaradılmasını təsdiqləyib və evə muzey statusu verilib.