2021-ci il mayın 9-da Bakının Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1, mənzil 54 ünvanında bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə yerinə baxış zamanı ölən şəxsin 1952-ci il təvəllüdlü Rəşid Axundov olduğu müəyyən edilib. Onun meyiti yataq otağında, çarpayının üzərində aşkarlanıb. Boğaz nahiyəsində boğulmaya xarakterik sıyrıq, sağ qaşının üstündə isə qançır izləri olub. Mənzilə baxış keçirilib, maddi sübutlar götürülüb.
Fakt üzrə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq, heç kim iş üzrə cinayət məsuliyyətinə cəlb olunmayıb. Buna görə də cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
İstintaq tədbirləri zamanı paytaxt sakini 1961-ci il təvəllüdlü İnessa Vladimirovna İsmayılova şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, mayın 9-da İnessa İsmayılova aralarında yaranmış ailədaxili mübahisə zamanı mənzilin dəhlizində əri Rəşid Axundovla mübahisə edib, onu itələyərək yıxıb, boynundakı gümüş boyunbağını dartaraq bir neçə dəqiqə saxlayıb. Öldüyündən əmin olduqdan sonra meyiti dəhlizdə qoyaraq, mənzili tərk edib.
İnessa İsmayılova daha sonra rəfiqələri ilə görüşərək restorana gedib, onlarla birlikdə yeyib-içib. Axşam evə qayıdandan sonra törətdiyi cinayətin izini itirmək məqsədilə meyitin üzərindəki boyunbağını çıxararaq gizlədib. Boyunbağının dartılmasından boğazında yaranan izin bilinməməsi üçün köynəyin yuxarı düymələrini bağlayıb. Məsuliyyətdən yayınmaq, Rəşid Axundovun guya öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq üçün zəng edərək keçmiş əri Rauf İsmayılovu köməyə çağırıb və ona yalandan sərxoş vəziyyətdə olan Rəşid Axundovu evdə qoyub getdiyini, qayıdanda isə ölmüş vəziyyətdə aşkar etdiyini bildirib. Rauf İsmayılovla birlikdə meyiti çarpayıya uzadaraq Təcili Tibbi Yardıma müraciət edib və törətdiyi ağır cinayəti gizlətməyə çalışıb.
İş üzrə dindirilmiş İnessa İsmayılova bildirib ki, 1989-cu ildə Rauf İsmayılovla ailə həyatı qurub. 2011-ci ildə Rəşid Axundovla “Facebook” sosial şəbəkəsində tanış olub və onunla qeyri-rəsmi yaşayıb. 2014-cü ildə birinci ərindən boşandıqdan sonra Rəşid Axundovla rəsmi nikah bağlayıb.
Adətən istirahət günləri Novxanı qəsəbəsində yerləşən restoranlara gedərək istirahət ediblər. 2021-ci il mayın 9-da da Novxanıya getmək planları olub. Lakin saat 11 radələrində Oqtay adlı tanışı zəng edərək Rəşidi restorana çağırıb və o gedib. Axşam saat 18 radələrində isə geri qayıdarkən onun sərxoş olduğunu görüb. Bundan sonra rəfiqələri ilə zəngləşərək evdən çıxıb və qayıdanda ərinin meyitini aşkarlayıb.
İnessa İsmayılova əlavə edib ki, yoldaşının ölüm səbəbini bilmir. Mənəvi vəziyyətinin ağır olduğunu əsas gətirərək suallara cavab verə bilmədiyini deyən İnessa İsmayılova Rəşid Axundovun üzərindəki boyunbağının harada olması ilə də maraqlanmadığını əlavə edib.
Rəşid Axundovun oğlu Tariel Axundov isə bildirib ki, atası ziyalı, sakit təbiətli, İnessa isə əsəbi, kobud və özündən razı insan olub. Ümumiyyətlə, İnessa Rəşidlə həmişə qışqıra-qışqıra, kobud şəkildə danışırmış. İnessanın keçmiş əri Raufun yaşadıqları evə gəlib-getməsi son zamanlar aralarında soyuqluq yaradıb. Atasının köynəyinin yuxarı düymələri həmişə açıq, boynunda zəncir formalı, qalın boyunbağı olub. Buna görə də cinayətin baş verdiyi gün boyunbağının yoxa çıxması şübhələri İnessaya yönəldib.
Qeyd edək ki, istintaq yoxlamaları zamanı cinayət işinə bəzi fotoşəkillər də əlavə edilib və aydın olub ki, Rəşid Axundov restorandan evə qayıdanda boynunda gümüşü rəngli boyunbağı var imiş. Amma hadisədən sonra təqsirləndirilən şəxs həmin əşyanı gizlədib.
İstintaq qənaətə gəlib ki, münasibətləri son illər kəskin pisləşdiyindən İnessa İsmayılova evin dəhlizində mübahisə zamanı Rəşid Axundovu öldürüb. Bundan sonra hər kəsə yanlış məlumat verib. Ancaq cinayəti onun törətdiyi təkzibedilməz faktlarla sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İnessa İsmayılova təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: