İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb

Prezident İlham Əliyevin minimum əməkhaqqının 250 manata, eləcə də müxtəlif kateqoriyalar üzrə çalışan şəxslərin maaşının 50 faizə qədər artırılması ilə bağlı sərəncamları bir daha onu sübut etdi ki, Prezident siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi prioritetdir.

Bu sözləri Milletinsesi.az-a millət vəkili Sevinc Fətəliyeva deyib. O bildirib ki, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub:

“Ölkəmizin iqtisadi inkişafı insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. Bu gün bu istiqamətdə durmadan lazımi addımlar atılır. Bunlara maaş artımlarını, pensiya təminatı sahəsində aparılan ciddi islahatları, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramları, şəhid ailələrinə göstərilən qayğını, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunları və bu kimi digər addımları misal çəkmək olar. Dövlət başçısının şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında fərman imzalaması, şəhid ailələri üçün prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əmək haqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Prezidentin əmək haqlarıyla bağlı imzaladığı sonuncu fərman isə ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

 

Share: