Azərbaycan Respublikası Prezidenti İlham Əliyev I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilhaqqı xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsilhaqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2011-ci il 20 may tarixli 1514 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli1938 nömrəli, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 195 nömrəli, “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in hazırlanması haqqında” 2017-ci il 28 aprel tarixli 2826 nömrəli və “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
1. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 may tarixli 1514 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 419; 2014, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521) 1-ci hissəsindən “və turizm” sözləri çıxarılsın və həmin hissəyə “İsmayıl İsmayılov – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” sözlərindən sonra “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.2-ci və 4.5-ci bəndlərinin ikinci abzaslarından “və Turizm” sözləri çıxarılsın və həmin abzaslara “nazirlikləri,” sözündən sonra “Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin.
3. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1612; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384, № 10, maddə 1661; 2017, № 8, maddə 1521; 2018, № 7 (I kitab), maddə 1462) ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014–2020-ci illər üzrə Dövlət Proqramının “2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 2.2.3-cü, 2.2.4-cü, 2.2.8-ci, 2.2.9-cu, 2.3.1–2.3.3-cü və 2.3.5-ci yarımbəndlərinə “İçərişəhər” sözündən əvvəl, 2.2.7-ci yarımbəndinə “Azərbaycan” sözündən əvvəl “Dövlət Turizm Agentliyi, ” sözləri əlavə edilsin və həmin yarımbəndlərdən “və Turizm” sözləri çıxarılsın.
4. “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə qurumlarına dövri hesabatlarla birlikdə təqdim ediləcək “Ümumi əsas sənəd”in hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 2826 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 605) 1-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.
5. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 275) ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 5.1.1.6-cı yarımbəndinin “İcraçılar” sütununda “MTN” akronimi “MN” akronimi ilə, 5.1.2.15-ci və 5.1.2.16-cı yarımbəndlərinin “İcraçılar” sütununda “MTN” akronimi “DTA” akronimi ilə, “Akronimlər” hissəsində “MTN – Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “MN – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, DTA – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.