İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, sərəncamla iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Share: