
Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Millətin Səsi.az məktubun mətnini təqdim edir:
“Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ramazan bayramı mənəvi düşüncə, birlik və yenilənmə dövrüdür, dünyadakı müsəlmanları şəfqət, xeyirxahlıq və sülh ruhunda bir araya gətirir. Bu mübarək bayramın Azərbaycan xalqına və hökumətinə sevinc, rifah və davamlı harmoniya gətirməsini arzulayıram.
Somali Federativ Respublikası ölkələrimiz arasında olan dostluq və əməkdaşlıq əlaqələrinə önəm verir. Biz gələcək illərdə bu ikitərəfli əlaqələrin daha da gücləndiriləcəyinə ümidvarıq.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram”.
***
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.
Bayramınız mübarək!”
**
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, yüksək mənəvi dəyərləri tərənnüm edən, humanizmin, xeyirxahlığın və sülhpərvərliyin rəmzi olan bu nurlu bayram bütün müsəlman ümməti arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy Uca Allah bütün dualarınızı qəbul etsin və bütün xeyirxah əməllərinizdə Sizə hər zaman uğur bəxş etsin”.