Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil edilməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Millətin Səsi.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Fond ASC-yə çevrilmə yolu ilə yenidən təşkil edilib, eləcə də onun Nizamnaməsi təsdiqlənib.
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC eyni adlı publik hüquqi şəxsin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən, investisiyaların təşviqi və sahibkarlığa dəstək mexanizmlərinin inkişafını təmin edən və vəsaitini müəyyən olunmuş qaydada yerləşdirməklə dövlətin iqtisadi inkişaf prioritetlərinə xidmət edən dövlətə məxsus kommersiya hüquqi şəxsidir. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr, onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
***
Prezident İlham Əliyev “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsi layihəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.


