Prezident İlham Əliyev fevralın 14-də andiçmə məraisimindəki çıxışında Türk Dövlətləri Təşkilatı və bu Təşkilatın gələcəyi ilə bağlı nikbin fikirlər səsləndirib. Sözügedən təşkilatı türk dövlətlərinin ailəsi adlandıran İlham Əliyev, bu təşkilatı gücləndirməyin vacibliyini vurğulayıb.
Moderator.az-a açıqlama verən millət vəkili, akademik Nizami Cəfərov İlham Əliyevin türk dünyasının birliyi və inteqrasiyası istiqamətindəki xidmətlərinə diqqət çəkib, Türk Dövlətəlri Təşkilatının əhəmiyyətini şərh edib:
“İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti və türk dünyasının liderlərindən biri kimi fəaliyyət göstərdiyi 20 il ərzində Türk Dövlətləri Təşkilatında, türk dövlətləri arasındakı inteqrasiya prosesində çox böyük irəliləyiş baş verdi.
Xatırladım ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində bu prosesdə müəyyən problemlər var idi. Türk dövlətlərinin bir-birinə münasibətində xeyli gərginliklər var idi. Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə – Xalq Cəbhəsinin, Müsavat Partiyasının hakimiyyəti dönəmində türkçülükdən çox danışılsa da, bütün türk dövlətləri ilə münasibətlərdə problemlər müşahidə edilirdi. Azərbaycanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla münasibətlərində gərginliklər var idi. Bu gərginliklərin aradan qaldırılmasında Ümummilli liderimiz Heydər Əliyev çox böyük əmək sərf etdi. Amma etiraf etməliyik ki, yenə də bəzi problemlər qalırdı.
İlham Əliyev hakimiyyəət gələndən sonra Azərbaycanın türk dünyası ilə əlaqələri sürətlə inkişaf etməyə başladı. Türk dünyasının inteqrasiya prosesi nəticə etibarı ilə türk dövlətlərinin yaxınlaşmasınə strateji məsələ olaraq gündəmə gətirdi. Ümumtürk birliyi ideyasının gerçələşməsi istiqmaətində ciddi addımlar atıldı. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışnda Türk Dövlətləri Təşkilatını bir ailə adlandırdı. Bu, Azərbaycanın beynəlxalq münasibətləri tarixində, türk dünyası ilə əlaqələri tarixində mühüm hadisədir.
Prezident bu çıxışı ilə türk dünyasında çox böyük bir dövrün başlanğıcını elan etdi.
Türk dövlətləri arasındakı birlik və inteqrasiya meyilləri Türk Dövlətləri Təşkilatının gələcəyi haqqında nikbin olmağa əsas verir və heç şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin tarixi xidmətləri olduqca böyük və danılmazdır”.
Seymur ƏLİYEV