“Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini – 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll etdi”.
Millətin Səsi.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
O bildirib ki, İlham Əliyev Azərbaycanı iki əsrdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, “dənizdən-dənizə” xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu.
“Bu proseslər çərçivəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının əsas prinsipi olan “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir” – müddəası da təmin olundu. Tarixi Zəfər və onun davamı olan antiterror tədbirləri təhlükəsizlik sisteminin son hədəfini gerçəkləşdirərək, onun tamlığını reallaşdırdı.
Xüsusi vurğulamaq istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirmişdi. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı”, – Ramil Usubov qeyd edib.