
Bu ilin sonuna Azərbaycandan Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixracı proqnozlaşdırılır.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
“Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə Yunanıstan-Borqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi çərçivəsində Bolqarıstana qaz tədarükü məsələlərini müzakirə etdik”, – nazir bildirib .
Qeyd edək ki, TAP kommersiya istismarına veriləndən Avropaya 12 milyard kubmetr qaz nəql edib, ondan 10 milyard kubmetri İtaliyaya, 1 milyard kubmetri isə Yunanıstan və Bolqarıstana göndərilib.
TAP-ın tikinsinə 2020-ci ilin oktyabr ayında yekun vurulub. Onun ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
