İlin sonunadək sülh müqaviləsi imzalanmasa…

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələr davam edir. Bu gün Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Bakı ilə 3 əsas sülh və nizamlanma prinsipi razılaşdırılıb. 

 

“Bunlardan birincisi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır. İkinci prinsip Almaatı bəyannaməsi əsasında sərhədlərin delimitasiyasıdır. Üçüncü prinsip isə regional kommunikasiyaların qarşılıqlı şəkildə açılmasıdır”, – o deyib. Baş nazirin fikrincə, siyasi iradə olarsa, bu məsələlərdə irəliləyişə nail olmaq olar.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl İrəvanın Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər aldığını bildirib. O bildirib ki, Ermənistan təkliflərə cavablar hazırlayır.

 

Müxtəlif rəsmi açıqlamalarda ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlana biləcəyi bildirilir. “Mən həmişə Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilin sonuna qədər imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna kimi imza atmağı mümkün hesab edirik”, – Paşinyan deyib.

 

Beləliklə, ilin sonuna artıq iki ay qalıb, ancaq hələlik sülh müqaviləsi ilə bağlı heç bir irəliləyiş yoxdur.

 

Sülh müqaviləsi bu müddət ərzində imzalana bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atır:

 

“Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etdikdən sonra bölgədə yeni siyasi mənzərə formalaşdırır. Rəsmi Bakı tərəfindən Ermənistanla sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılır. 5 baza prinsipi təklif olunub. Ümumiyyətlə,  Azərbaycan bölgədə dayanıqlı sülhün, iqtisadi dirçəlişin tam tərəfdarı kimi çıxış edir. Hazırki beynəlxalq stiuasiyada da Azərbaycanı  dəstəklyın ölkələrin sayı kifayət qədər çoxdur.  Artıq Azərbaycanla dost olmaq istəyən ölkələr  durmadan artır. Digər məsələ Azərbaycanın bölgə və dünya üçün  önəmi, strateji tərəfdaşlığı, dayanıqlı iqtisadiyyatı, dünya üçün verdiyi töhfələr dünya birliyi tərəfindən qəbul olunur”.

 

Deputat Ermənistanın məsələyə yanaşması ilə bağlı hələlik pozitiv nəsə deməyin mümkün olmadığını söyləyib:

 

“Ermənistan tarixdə olduğu kimi yeni ağalar axtarışındadır. Onların digər qüvvələrin diqtəsi ilə xarici siyasət yeridir. Baş nazir Paşinyanın bir gün ərzində  səhər başşqa, günün ikinci yarısı isə tamam başqa bir fikir söyləməsi, onun  qeyri-stabil, aventürist siyasətçi obrazını formalaşdırır. Təbii ki, hazırda sülh müqaviləsinin imzalanması sahəsindəki vəziyyətə öz mənfi təsirini göstərməkdədir. Dəfələrlə, sülh müqaviləsinin  imzlanmasını istədiyini deyir. Lakin biz heç bir praktiki addımın atıldığının şahidi olmuruq. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, bu istiqamətdə danışıqların hamısında iştirak edir. Müzakirələrə də açıqdır”.

Vüqar İskəndərov ilin sonuna qədər sülh imzalanacağı təqdirdə, bu tək iki ölkə üçün yox, dünya üçün önəmli məsələ kimi səciyyələndirilə bilər:

 

“İqtisadi inkişafın başlanması Ermənistanın özünü də düşdüyü ağır vəziyyətdən çıxara bilər. İmzalanmasa, yenə də itirən Ermənistan olacaq. Azərbayacn öz suverenliyini bərpa edib. Öz ərazilərində Azərbaycan böyük quruculuq işləri aparılır. Əhalinin geriqayıdışı təmin olunur. Maddi imkanlar artılır. İnsanların rifahının artırılması üçün dövlət  vacib işlər görür. Azərbaycan xarici siyasətində stabildir. Daxildə də bütün vacib infrastruktur layihələri həyata keçirilir. Ümumi demək olar ki,  Azərbaycan öz inkişaf yolunu uğurla davam edir.  Bu kontekstdən baxdıqda sülh müqaviləsinin imzalanamaması yalnız Ermənistana ziyan olacaq. Ona görə də, Ermənistan Baş naziri artıq şifahi bəyanatlarla kifayətlənməməli, konkret işlərin görülməsini icra etməlidir”.

 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, sülh sazişi ilə bağlı geridönüşü olmayan mexanizm hərəkətə başlayıb:

 

“Qarabağ məsələsi artıq bitib. Azərbaycan öz suverenliyini bu ərazilərində bərpa edib. Qarabağda separatçılar olanda Paşinyan bu məsələni radikallardan çəkinərək gündəmə gətirməyə çalışırdı. İndi bu yük də yoxdur. Paşinyan çox rahat şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər. Əlbəttə, proses gedə bilər. Bu ilin sonuna iki ay qalıb, eyni zamanda liderlər arasında danışıqlar da olmayıb. Paşinyan MDB-nin toplantısına getmədi. Prezident İlham Əliyev də obyektiv səbəblərdən Qranada görüşündə iştirak etmədi. Bu səbəbdən iki ay kimi qısa müddətdə sülh müqaviləsinin imzalanması çətin ola bilər”.

 

Ekspert Paşinyanın yaranmış vəziyyəti anladığını söyləyib:

 

“Görüşün təşkil edilməsi elə də problemli məsələ deyil. Gürcüstan variantı var. Azərbaycan buna razıdır.  Deyəsən, Paşinyan da buna razıdır. Bu yaxınlarda Tiflisdə konfransda da iştirak etmişdi. Gürcüstanda görüşün olması hər iki tərəf üçün də uyğundur.  Əsas o deyil ki, 2 ay ərzində müqavilə imzalansın. Əsas odur ki, proses başlayıb. Paşinyan Parlamentdə çıxışı zamanı Türkiyəylə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması, nəqliyyat xətlərinin açılmasından danışır. Paşinyanın bir qorxusu da Zəngəzurla bağlıdır. Zəngəzur dəhlizi məsələsini biz 3 il gündəmdə saxladıq ki, Paşinyan bunu həll etsin. Lakin o, prosesi uzatdı. Belə olan halda biz mövqeyimizi dəyişdik. Türkiyə də bizə dəstək verdi ki,  məsələni İran marşrutu ilə həll edək. Paşinyan anladı ki, dəhliz əldən çıxa bilər. Beləliklə də, Ermənistan qazanclardan məhrum ola bilər. Eləcə də, ölkənin bölgədəki nüfuzu aşağı düşə bilər. Bu baxımdan Paşinyan sanki dəhliz məsələsində yumşalıb”.

Politoloq vurğulayıb ki, sülh müqaviləsinin imzalnmaması Ermənistanın özü üçün pisdir:

 

“Onların hazırda ən böyük qorxusu Qərbi Zəngəzurla bağlıdır. Onlar düşünürlər ki, Azərbaycan Qərbi Zəngəzuru ələ keçirəcək. Bəzi böyük dövlətlərdə də belə bir şübhə var. Ona görə də Qərbi Zəngəzurda konsulluqlar açırlar. Artıq İran öz konsulluğunu açıb. Rusiya, Fransa və Kanada kimi ölkələr də ərazidə öz konsulluqlarını açmaq istəyirlər. Əslində, bizim belə planımız yoxdur. Bu qorxudan xilas olmağın tək yolu Azərbaycanla sülh sazişi bağlamaqdır. Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycan ərazi bütövlüyünü tanıyacaqsa,  Azərbaycan da Ermənistan ərazisini tanıyacaq. Hansısa səbəb ucbatından sülh sazişi imzalanmasa, iki ölkə arasında gərginlik davam edə bilər. Bir müddətdir ki, sərhəddə elə bir toqquşma yoxdur.  Çünki biz suverenliyimizi bərpa etmişik və Ermənistana ərazi iddiamız yoxdur. Sülh müqaviləsi imzalamasa Paşinyanı elə böyük təhlükə gözləmir.  Lakin Paşinyan sülh müqaviləsini imzalsa, öz mövqelərini möhkəmləndirmiş olacaq. Biz istəyirik ki, bu məsələlər Paşinyanla həll olunsun. Çünki Köçəryan və Sarkisyan kimi başdanxarablar hakimiyyətə gəlsə, vəziyyəti qəlizləşdirəcək. Düzdür, artıq onların hakimiyyətə gəlmək üçün şansları yoxdur. Onlar separtizm üzərindən nüfuz qazanmışdılar. İndi separatizm də yoxdur. Odur ki, mğlub olublar. Sülh müqaviləsi imzalanarsa, Ermənistan regional şəbəkənin bir hissəsi olacaq. Bu da Paşinyanın nüfuzunun artmasına səbəb olacaq. Separatçılıqdan çıxış edənlərin mövqeyi isə zəifləyəcək”.

Mənbə

Share: