İlk dəfə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini postuna müxalifət partiyasından olan millət vəkili seçilib.
Milletinsesi.az xəbər verir ki, sədr müavini postuna seçilən millət vəkili Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji katibi Fəzail İbrahimlidir.
Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur.
1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var.
2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.