(Şirindil Alışanlı – 70)
Elə özəl günlər var ki, bizim üçün hər zaman yaddaqalan və unudulmaz olmaqla bərabər ruhumuzu da həmişə xoş ovqata kökləyir. Yanvar ayı yeni təqvim ilinin, mart ayı bahar bayramının, may ayı dövlətçilik tariximizin simvolları kimi yaddaşımızda silinməz izlər qoyub. Oktyabr ayı da belə xoş ovqat yaradan aylardan biri olaraq təqvimimizdə olduqca yaddaqalan günlərin zənginliyi ilə seçilir. Vaxtilə sosialist inqilabının adı ilə assosasiya təşkil edən oktyabr ayı sonradan Azərbaycan tarixinin ən unudulmaz səhifələrindən birinə çevrilib. Ötən əsrin 1991-ci ilinin 18 oktyabrında ölkəmiz yenidən öz dövlət müstəqilliyinə qovuşub və milli dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunub.
Oktyabr mənim üçün bir də ona görə xüsusi önəm daşıyır ki, məhz bu ayda mənə çox doğma və əziz olan insanların ad günləri ilə yaddaşıma hopub. O insanların ki, onlarsız həyatım onların öz dünyaları boyda kasıb və natamam görünərdi. Belə insanlardan biri də elmi rəhbərim və ustadım, filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır.
Haşiyə. Ad günlərində, yubileylərdə səbəbkara, əsasən xoş sözlər söyləyər, haqqında təriflər deyərlər. Səbəbkar hansısa vəzifə sahibi, titullu biri olanda isə bu təriflər daha da çoxalar, bəzən ağlagəlməz təşbehlərə qədər gedib çıxar. Bəlkə də burada yerinə düşmür, ancaq deməsəm, rahat olmaram. Məni az-çox tanıyanlar bilirlər ki, nəyinsə xatirinə kiməsə yalandan dost deyib üzünə tərifləmək mənlik olan iş deyil. Yəni, şair demiş: “Hər yetən kimsəyə dost deməmişəm, dost qazanmaq üçün tost deməmişəm”. Ancaq atalarımızın gözəl bir kəlamı da var. Deyir, görünən dağa nə bələdçi.
Elə bu məqamda bir nüansı da xatırlatmağı özümə borc bilirəm. Yəqin ki, çoxlarımızın tez-tez üzləşdiyi başqa bir həyat həqiqəti də var ki, bəzən bir çox insanlar dostun etibarsızlığından, vəfasızlığından şikayətlənirlər. Dost seçməkdə yanıldıqlarından yana-yana danışırlar. Ancaq nə xoş ki, mənim həmişə dost sarıdan bəxtim gətirib. Vallah, dostları da heç vaxt özüm seçməmişəm. Bunları Uca Yaradanın mənə bir lütfü, ən böyük hədiyyəsi hesab etmişəm. Şirindil Alışanlı da Tanrının qismətimə çıxardığı belə mübarək insanlardan biridir.
Şirindil müəllimlə tanışlığımız adi bir təsadüfdən yaranıb. Ancaq düşünürəm ki, hər təsadüfdə ilahi bir hikmət də var. Onun haqqında çox eşitsəm də, uzun müddət şəxsi tanışlığımız olmayıb. Jurnalistika sahəsində çalışsam da, elmə marağım 2000-ci illərin əvvəllərində məni Azərbaycan Milli Elmlər Akademiyasına gətirib. Hörmətli professorumuz Məhərrəm Qasımlı məni Şirindil Alışanlı ilə tanış edib və o gündən həyatımda yeni bir mərhələ başlayıb. Bundan sonra Şirindil müəllimin məsləhəti və rəhbərliyi ilə “XX əsr Kəlbəcər ədəbi mühiti” mövzusunda dissertasiya işi müdafiə etmişəm. Sonradan onun zəmanəti və köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özünün rəhbərlik etdiyi şöbədə işə düzəlmişəm. O zamandan da Şirindil müəllimlə bir şöbədə çalışıram.
Azərbaycan tarixən elmin və zəkanın ən qədim məskənlərindən biri olub. Xalqımız elm və alim baxımından heç vaxt korluq çəkməyib. Hələ minilliklərin o üzündən Azərbaycan aliminin, ziyalısının gur səsi, aydın zəkası əsrlərin zülmət qaranlıqlarını şimşək kimi parçalayıb, ətrafa nur, işıq paylayıb. “Qüvvət elmdədir” – deyən Şeyx Nizami də, kəfəni boynunda tərki-vətən olub el-el, oba-oba gəzib haqq axtaran Nəsimi də, elmin sirli kahkaşanında ulduz kimi parlayan Nəsirəddin Tusi də, xurafat dünyasında Məcnun kimi havalanaraq dərd dağına çıxan Mövlanə Füzuli də insanlığın xilas yolunun elmdən, təhsildən keçdiyini dünyaya car çəkib, elmin, alimin cəmiyyətdə hansı hörmət, izzət sahibi olduqlarını kar qulaqlara qışqırıb, kor gözlərdən qara pərdəni götürməyə çalışıblar. Qədirbilən xalqımız da bütün zamanlarda əsl alim sözünü, aqil öyüdünü uca tutub, hörmətlə qarşılayıb. Tükü tükdən seçən müdriklərimiz hər titul daşıyana, səlahiyyət sahibinə də əsl alim kimi yanaşmayıb. Çünki alim deyəndə elmi ilə əxlaqı, dünyagörüşü ilə mənəviyyatı bir axarda birləşən, qazandığı hər şeyi halal alın təri ilə əldə edən cəfakeş elm fədaisi göz önünə gəlib. Müşahidə etdiklərim və gördüklərim mənə imkan verir ki, cəsarətlə deyim ki, Şirindil Alışanlı da məhz belə alimlərdən, elm fədailərindən biri olaraq bu gün bu sahədə çalışanlara bir örnəkdir.
Son bir ayda Şirindil Alışanlının anadan olmasının 70 illiyinə həsr edilmiş Azərbaycanın çox tanınmış alimləri, söz adamları böyük qədirşünaslıqla müxtəlif mətbuat orqanlarında elmi, publisistik məqalələrlə, dost məktubları ilə çixış edirlər. Onlar Şirindil Alışanlının elmi-nəzəri irsini müxtəlif prizmalardan təhlil edir, onun elmimizə verdiyi töhfələrin nədənini dəqiqliklə Azərbaycan oxucusuna təqdim edirlər. Alimin bu sahədə qazandığı uğurları, illərin zəhməti hesabına yiyələndiyi alim obrazını ustalıqla yaradırlar. Bu baxımdan mən bu yazımda illərdən bəri yaxından tanıdğım Şirindil Alışanlının elmi fəaliyyətindən daha çox onun insani xüsusiyyətlərindən, bəzilərinin bəlkə də görmədikləri şəxsi keyfiyyətlərindən söz açmaq fikrindəyəm.
Öncə qeyd etmək istərdim ki, Şirindil Alışanlı öz imzasını illər əvvəl titullaşdırmış bir alimdir. Bu imzanın arxasında isə bütün həyatını elmə, yorulmaz mütaliəyə həsr etmiş bir insanın zəhmətlə keçən illəri dayanır. Məhz bu yorulmaz fəaliyyətinin və Tanrıdan qismətinə düşən fitri istedadının, dərin təfəkkürünün, elmi yanaşmalarda özünəxas mühakimələrinin hesabına o müasir ədəbiyyatşünaslıq elmimizin ən tanınan bir nümayəndəsinə çevrilmişdir. Yüksək intellekti, dərin erudisiyası, geniş mütaliəsi, hərtərəfli hazırlığı və ən əsası da əsl elm təəssübkeşi olması ilə onun alim-şəxsiyyət obrazı bütün rakurslardan çox aydın görünür.
Şirindil Alışanlının avtobioqrafiyası orta statistik Azərbaycan ziyalısının həyatından heç nəyi ilə fərqlənmir. O 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində, zəhmətkeş Həsən Alışanoğlunun ailəsində dünyaya göz açıb. Həsən kişi bu günün yanaşmasından baxsaq köhnə kişilərdən olub, cəngavər ruhlu bir insan kimi tanınıb. Bolşevik inqilabından əvvəl Bakının neft mədənlərində işləyib. Kəndə qayıtdıqdan sonra təsərrüfat işləri ilə məşğul olub. Zəhmətsevərliyi və qoçaqlığı sayəsində özünə yaxşı gün-güzəran düzəldib. Lakin o illəri yaşayan insanların taleyinə bolşevik diktaturasının qanlı repressiyalarının yaşatdığı ağrı, acılar da düşüb. Sinfi mübarizə şüarı altında insanlara olmazın müsibətlər yaşadan sistemin bəlası Həsən kişidən də yan ötməyib. O zamankı rayon rəhbərlərindən birinin qərəzinə, şərinə tuş gəlib. Bolşeviklər əvvəlcə onu “kulaka salıb”, var-dövlətini əlindən alıblar, sonra isə həbs etmək istəyiblər. Heç bir günahı olmaya-olmaya özünə qarşı irəli sürülən bu şər-böhtanla barışmayan Həsən kişi bir müddət qaçaq həyatı sürüb. Çox çətinliklə Bakıya gəlib, təhlükəsizlik qurumlarında işləyən bir tatarla görüşüb. Onu özünün günahsız olduğuna inandıra bilib. Əlaltından təhqiqat apartdıran həmin məsul şəxs vicdanlı bir olduğundan Həsən kişinin şərləndiyini üzə çıxarıb. Dəmir iradəsi və dözümü hesabına tam bəraət alan Həsən Alışanoğlu sonda bu bəladan qurtula bilib. Hətta ona vurulmuş zərərə müqabil dövlət tərəfindən ona təzminat da ödənilib. Yenidən doğma kəndinə qayıdan Həsən kişi ailə qurub, oğul-uşaq sahibi olub. Şirindil müəllim Həsən Alışanoğlunun böyük ailəsinin sonbeşiyidir.
Şirindil Alışanlının bəlkə də bəxti daha çox onda gətirib ki, onun böyük qardaşı Hüseyn Kürdoğlu Azərbaycanın tanınmış şairi, poeziyada təkrarsız yeri olan söz xiridarı və istedadlı alimi olub. Hardasa onun ədəbiyyata olan sevgisinin bir qolu da buradan qidalanıb. Ailənin və Hüseyn Kürdoğlunun istəyi ilə o, orta məktəbi Bakıda oxuyub. Hüseyn Kürdoğlunun dostları və tələbə yoldaşları gələcəyin böyük söz adamları, ədəbiyyatşünasları olduğundan Şirindil Alışanlı onları hələ uşaq yaşlarından görüb, tanıyıb. Hüseyn müəllimin evində keçirilən ad günlərində, ziyafətlərdə onlara toplaşan dostları bu şənlik məclislərini həm də bir növ ədəbi müzakirələrə, elmi diskussiyalara çeviriblər. Şirindil Alışanlı da mərhum professorlar Tofiq Hacıyevi, Yaşar Qarayevi, Bəkir Nəbiyevi, Qasım Qasımzadəni, Arif Səfiyevi və başqalarını ilk dəfə Hüseyn müəllimin evində görüb, onların söhbətlərinin, elmi müzakirələrinin dinləyicisinə çevrilib.
Bakıdakı 19 və 111 saylı məktəblərdə oxuyaraq orta təhsilini başa vurub. Orta məktəbi əla qiymətlərlə bitirəndən sonra sənədlərini o zaman respublika ali məktəblərinin flaqmanı sayılan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə verib. Qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanıb. Hələ birinci kursda oxuyarkən dərin savadı, ciddi elmi mühakimələri ilə müəllimlərinin diqqətini cəlb edib. Çox gənc yaşlarından ölkə mətbuatında ədəbiyyatın və ədəbiyyatşünaslığın müxtəlif məsələlərinə işıq salan çeşidli elmi-tənqidi məqalələrlə çıxış edib. Hətta Akademiyanın illik hesabatlarından birində poeziya ilə bağlı hesabat məruzəsi ona tapşırılıb.
Aqillərin hansısa deyib ki, gənclikdə bilik, yaşa dolanda müdriklik deməkdir. Şirindil Alışanlı da elə gənc yaşlarından mütaliədən, oxuyub-öyrənməkdən yorulmayıb. Universiteti başa vurandan sonra təyinatını doğulduğu Laçın rayonuna veriblər. Lakin elmə olan marağı bir müddət sonra onu yenidən Bakıya qaytarıb. Xeyirxah insanların dəstəyi və köməyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna işə düzəlib. Burada-Məmməd Cəfər Cəfərovun, Əziz Mirəhmədovun, Həmid Araslının, Mirzağa Quluzadənin, Kamal Talıbzadənin, Məmməd Arif Dadaşzadənin və digər görkəmli alimlərin çalışdığı bu mötəbər elm məbədində onlarla yol yoldaşı, həmkar olub. Çox keçməmiş bacarığını və savadını nəzərə alaraq, onu institutun elmi katibi vəzifəsinə irəli çəkiblər. Elmin çətin və zəhmət dolu illəri və pillələri onu adi labarantlıqdan professorluğa qədər yüksəldib. Bu yollar isə ağır zəhmətin, yorulmadan çalışmağın körpülərindən keçib.
Yeri gəlmişkən, o zamanlar Sovetlər Birliyinin paytaxtı olan Moskva təkcə ölkənin ən nəhəng və gözəl şəhəri deyil, həm də ən mötəbər elm mərkəzi sayılıb. Çünki ölkənin ən savadlı, bacarıqlı elm, sənət adamları daha şox paytaxt Moskvanın nüfuzlu elm və ali təhsil ocaqlarında məskunlaşdıqlarından burada təhsil almaq insanlara əlavə imkan və elmdə uğur qazanmaqda stimul verib. Ədəbiyyat İnstitutunun qədirbilən alimləri Şirindil Alışanlının parlaq istedadını, aydın və məntiqli elmi təfəkkürünü görüb onun sonrakı təhsilini Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda davam etdirməsini məsləhət biliblər. Beləcə, çox gənc yaşlarından Moskvanın elitar elm cameəsinə daxil olan Şirindil Alışanlı burada böyük alim və estetik Yuri Borevin rəhbərliyi altında elmi axtarışlarını davam etdirib. 1981-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib. Yenidən doğma instituta qayıdıb.
Qeyd edim ki, Şirindil Alışanlının bioqrafiyasında eyni vaxtda bir neçə sahənin mütəxəssisi olmaq şansı da varmış. 1990-cı illərin çətin və qarışıq zamanlarında Azərbaycanda ilk müstəqil nəşriyyatlardan olan “Sabah” nəşriyyatını təsis edib. Alim və naşir Şirindil Alışanlının sonrakı əmək yolu AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, Ədəbiyyat nəzəriyyəsi bölməsinin müdiri, Tarixi poetika şöbəsinin müdiri, XX əsr (sovet dövrü) şöbəsinin müdiri (hazırda da həmin şöbəyə rəhbərlik edir), uzun illər “Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru pillələrindən keçib. Sözün yekunu, o, həyatını bütünlüklə Azərbaycan elminin inkişafına həsr edib.
Şirindil Alışanlını tanıdığım vaxtdan 20 ilə yaxın bir zaman keçir. 2010-cu ildən isə bilavasitə onun rəhbərlik etdiyi şöbədə çalışıram. Bu illər ərzində onu bir şəxsiyyət olaraq daha yaxından tanıya bilmişəm. Şair necə də gözəl deyib: “İnsan göydə ay kimidi, görünməyən tərəfi var”. Bu illər ərzində mən onu əsl elm təəssübkeşi, öz işinin fanatı kimi görmüşəm. Bu məqamda desəm ki, hamı Şirindil Alışanlını olduğu kimi həzm edə bilib, yalan danışmış olaram. Bəzən sözü kəsə və sərt deməsi heç də hamının xoşuna gəlməyib. İlk anda bəziləri hesab ediblər ki, o, çox sərt adamdır. Lakin şöbəmizin, eləcə də institutumuzun əməkdaşları dəfələrlə şahidi olublar ki, onun nə qədər həssas və böyük ürəyi var. Şirindil müəllim biləndə ki, kiminsə bir çətinliyi, müşkül işi var, onun problemini həll etmək üçün heç bir fədakarlıqdan, özünü oda-közə vurmaqdan çəkinməyib. Dissertasiya müzakirələrində isə işdə bir çatışmazlıq olanda iddiaçıya sərt şəkildə iradlarını da bildirib, eyni zamanda problemin aradan qaldırılmasında həmin şəxsə öz yardımını da əsirgəməyib.
Bəli, onun xasiyyətində sərt, bəzən barışmaz görünən çalarlar da tez-tez özünü büruzə verir. O, yalanla, saxtakarlıqla, xəyanətlə, dostluqda etibarsızlıqla barışa bilmir. Ancaq özünə qarşı gördüyü etibarsızlığın qarşılığında, əks tərəfə yamanlıq etmək barədə də düşünmür. Sözünü həmişə qarşı tərəfin gözünün içinə dik baxaraq üzünə deyib, yoluna davam edib. Çünki onun daha ciddi qayğıları və işləri var. Bu elmimizin, təhsilimizin, cəmiyyətimizin problemləri, qayğılarıdır.
Şirindil Alışanlı öz həmkarlarına, xələflərinə göstərdiyi qayğıya müqabil, daim sələflərinə də həmişə bir vəfa borcu olduğunu düşünən alim-şəxsiyyətdir. Görkəmli tənqidçi-alim Yaşar Qarayevin ölümündən sonra onun beş cildlik “Seçilmiş əsərləri”nin yüksək keyfiyyətlə işıq üzü görməsi bu yöndəki fəliyyətinin bariz nümunəsidir. Buna qədər isə o, bu sayaq neçə-neçə xeyirxah işlərə imza atıb.
Şirindil Alışanlının elmi bioqrafiyası olduqca zəngin və çoxçalarlıdır. O, indiyəcən ölkədə və onun hüdudlarından kənarda dərc olunmuş 150-dən artıq elmi məqalənin, ona yaxın kitabın müəllifidir. Rəhbərliyi və redaktəsi ilə çap olunmuş elmi əsərlərin, kitabların və antologiyaların sayı 50-dən çoxdur.
Şirindil Alışanlı bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Sözümün sonuna yaxın bir məqamı da deməsəm, özümü rahat hiss etmərəm. Bəzən ayrı-ayrı adamlardan eşidirəm ki, Şirindil Alışanlı haqq etdiyi elmi titulları almayıb. Qeyd edirlər ki, nədənsə səlahiyyət sahibləri çox vaxt onun əməyini görməzdən gəliblər. Ancaq mən onu yaxından tanıyan biri kimi açıq şəkildə bəyan edirəm ki, o, bu titulların ən yüksəyini gənc yaşlarından alıb. Bu titul Şirindil Alışanlı imzasıdır.
Haşiyə. Qədim bir rəvayətdə deyilir ki, bir gün bir məmləkətin şeiri-sənəti çox sevən hökmdarı ölkəsinin birinci şairinin kim olduğunu öyrənmək fikrinə düşür. Bütün vilayət başçılarına məktub yazıb ölkənin birinci şairinin kim olduğunu təcili şəkildə yazıb ona göndərmələrini tələb edir. Bir neçə gündən sonra vilayət başçılarının məktubları şaha yetişir. Məktubları oxuyan şahın qanı bərk qaralır. Çünki hər məktubda fərqli bir adamın adı yazıldığından ölkənin birinci şairinin kim olduğu şaha qaranlıq qalır. Şah dünyagörmüş, müdrik vəzirindən kömək istəyir. Ağıllı vəzir deyir ki, şahım, bu dəfə vilayət başçılarına əmr ver ki, ölkənin birinci və ikinci şairlərinin adlarını bir yerdə yazsınlar. Şah qasidlərə əmr verir ki, onun istəyini vilayət başçılarına çatdırsınlar. Bu dəfə vilayətlərdən cavab daha tez gəlir. Şah məktubları oxuyub görür ki, bu dəfəki məktublarda hər vilayətdən gələn köhnə adlar öz yerində qalıb, ancaq ikinci sırada eyni bir adamın adı yazılıb. Şah bu dəfə vəzirindən bu suala cavab istəyir. Vəzir təzim edib deyir: “Qibleyi aləm, ölkənin birinci şairi siyahıda adı ikinci yazılan adamdır. Torpaq təəssübü güclü olduğundan birinci dəfə hər kəs öz vilayətinin şairinin adını yazmışdı. İndi isə hamı haqq olanı yazıb. Bütün vilayətlərin ikinci hesab etdikləri şair elə ölkənin birinci şairidir”.
Hərdən düşünürəm ki, bu rəvayət hardasa elə Şirindil Alışanlının boyuna biçilmiş bir həyat həqiqətidir.
Sonda hörmətli ustadım Şirindil Alışanlını 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Ona möhkəm can sağlığı, elmin və sənətin yolunda yeni-yeni uğurlar arzulayıram. Növbəti yubiley günlərində görüşmək arzusu ilə:
İlham Məmmədli
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent