Illik 900 manat vergi ödəyən deputatın obyektində Yeni il şənliyi – “Günü 300 AZN”

Azərbaycanda koronavirusla bağlı sərtləşdirilmiş karantin rejiminin hökm sürməsinə baxmayaraq, Lerikin deputatı, iş adamı İqbal Məmmədovun qalmaqallı “Relax” ailəvi istirahət mərkəzində yeni il şənliyinə ciddi hazırlıq işləri gedir.

“BakuPost” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanan yeni il şənliyinin keçiriləcəyi günlər 30-31 dekabr və 1 yanvar tarixlərini əhatə edir. Nəzərə alsaq ki, hazırda ölkəmizdə hökm sürən sərtləşdirilmiş karantin rejimi 18 yanvaradək davam edəcək, o zaman bu tədbirin hansı əsasla, nəyə görə, kimlər tərəfindən təşkil olunduğu sual altında qalır.
Həmçinin, ölkə üzrə COVID-19-a yoluxma sayı günbəgün artmaqdadır. Xəstəliyin son günlərdə yüzlərlə can aldığı və tibb dünyasının həyəcan təbili çaldığı bir vaxtda insanları bir yerə toplayaraq bayram təşkil etmək nə dərəcədə doğrudur?
Bundan başqa, Vətən uğrunda döyüşən oğullarımızın hələ də şəhid olmaları ilə bağlı xəbərlər gəlməkdədir. Bəs belə bir vaxtda bu nə şənlik, bu nə bayramdır?
Bütün sadalananları nəzərə alaraq, düşündük ki, ola bilsin, elan yalandır. Buna görə də müştəri qismində elanda yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxladıq. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı.
Zəngimizə cavab verən şəxs “Bəli, dekabrın 30-31-i və yanvarın 1-i üçün nəzərdə tutulmuş hədiyyəli paketimiz var. Qiymət 2 nəfər üçün 300 manat təşkil edir. Məbləğə yalnız səhər yeməyi daxildir”, – deyə bildirdi.
Qeyd edək ki, deputata məxsus olan, yuxarıda adı çəkilən istirahət mərkəzi yoxlamaya gələn vergi müfəttişlərinin deputatın qohumları tərəfindən döyülməsi nəticəsində daha da “məhşurlaşdı” və məlum oldu ki, aylıq dövriyyəsi 100 min manatlarla ölçülən bu obyekin illik vergiyə ödədiyi məbləğ 900 manat təşkil edib.
Share: