“Parlament seçkiləri hər bir ölkənin siyasi sistemdə mühüm bir prosesdir, siyasi hadisədir. O nöqteyi-nəzərdən Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkiləri də ölkəmizin həyatında mühüm hadisə kimi qiymətləndirilə bilər. Amma 2024-cü ildə formalaşdırılacaq yeni parlamentin Azərbaycanın həyatında başqa bir özəlliyi də var: İndiki parlament Qarabağda qazanılan böyük Zəfərdən sonra formalaşdırılır. Ona görə də növbədənkənar parlament seçkilərini Qarabağda qazanılan Zəfərin davamı olaraq qiymətləndirmək olar”.
Milletinsesi.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçından olan jurnalist İmdad Əlizadə deyib.
O, əmin olduğunu bildirib ki, parlamentin yeni heyəti əsas diqqətini işğaldan azad olunmuş ərazilərdə görülən bərpa, quruculuq işlərinə, Böyük Qayıdışa yönəldəcək.
İ.Əlizadə deyib ki, indiyə qədər təşviqat kampaniyası normal qaydada davam edir: “Güman edirəm ki, səsvermə və səslərin sayılması, yeni parlamentin formalaşması da bu formada həyata keçiriləcək”.