İmtahan üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 803 nəfər uğur qzanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 16-da inzibati icraçı vəzifələr üzrə keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatlar təqdim edilib.

DİM-dən Milletinsesi.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1495-i ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 681 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 361 nəfər isə məlumatları “Dövlət qulluqçularının reyestri” sisteminə daxil edilmiş şəxslərdir. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 65 nəfərdir. Hazırda onlar dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 26-sı imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 239-u imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 72 nəfər müvəffəqiyyət qazanıb.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 57 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 24 nəfər uğur qazanıb.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1856 namizəddən 803 nəfər (43,3 faiz) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanları mütəmadi olaraq Mərkəzin saytında yerləşdirilir.

Share: