“İnanıram ki, bir film də olacaq”-FOTO

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti, Rasim Ocaqovun 90 illik yubileyi ilə əlaqədar anım tədbiri, fotosərgi və film nümayişi olub. Tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və nəşrlər şöbəsində (Milli Kitabxana) Beynəlxalq Türk Mədəniyyət Təşkilatı -TÜRKSOY-un təşkilatçılığı ilə keçirilib. Kinorejissorun ən çox sevilən ekran əsərlərindən “Təhminə” filminin baş qəhrəmanları – Xalq artisti Fəxrəddin Manafov və türkiyəli aktrisa Meral Konrat da sənətkarla bağlı xatirələrini bölüşüblər.

 

Moderator.az-a özəl açıqlama verən Meral Konrat ilk dəfədir filmi həmkarı, xalq artisti Fəxrəddin Manafovla birgə izlədiyini bildirib.

“Həm Rasim bəyi andıq, həm də “Təhminə” filmini izlədik. Rasim Ocaqovun fotolarından ibarət sərginin də açılışı oldu. Uzun illərdən sonra Fəxrəddinlə bir araya gəlməyimiz əlbəttə ki, iki dost üçün çox gözəl sürpriz oldu. Köhnə günləri yad etdik. “Təhminə”-nin çəkilişlərindəki xatirələr yadımıza düşdü. Çox gözəl görüş oldu. İlk dəfə idi ki, filmi Fəxrəddinlə birlikdə izləyirdik. Çünki Bakıda olan qala gecəsində o vaxt mən iştirak edə bilməmişdim. Türkiyədə film çəkilişlərim var idi. Rasim Ocaqov sonradan İstanbulda mənim üçün qala gecəsi təşkil etmişdi. İstanbulda da təşkil olunan qala gecəsində Fəxrəddin yox idi. Film elə bil ki, dünən çəkilib, bu gün izləyirik. Həm hüznlü idik, həm də xoşbəxt. Təkcə Rasim Ocaqov yanımızda deyildi. O da yanımızda olsaydı daha gözəl olardı” deyə aktrisa bildirib.

Meral Konrat Fəxrəddin Manafovla yenidən bir araya gələcəklərini istisna etməyib.

 

“Hər an, hər şey ola bilər. Hətta çox gözəl bir film də çəkilə bilər. Bunun olacağına inanıram. Hər şey qədər, qismətdir. Əlbəttə ki, biz də təkrar bir layihədə yer almaq istərdik. Daha gözəl, daha fərqli layihədə.. Mən öz adıma danışıram. Amma inanıram ki, Fəxrəddin də mənimlə bir layihədə iştirak etmək istəyər” deyə aktrisa bildirib.

Mənbə

Share: