İndoneziyada Fransa vətəndaşı ölüm cəzasına məhkum olunub

İndoneziyanın Matarama məhkəməsi 35 yaşlı Fransa vətəndaşı Feliks Dorfeni narkotik maddə qaçaqmalçılığına görə güllələnmə üsulu ilə ölüm cəzasına məhkum edib.

AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, hakim İsnuril Sarifin sözlərinə görə, hökmün sərtliyi “ittiham edilən şəxsin ölkə gənclərinə vura biləcəyi mümkün zərərlə” izah olunur.

Ölkəyə 3 kiloqram narkotik vasitə keçirməyə çalışan Feliks Dorfen 2018-ci ilin sentyabr ayında Lombok adasının hava limanında saxlanılıb. 2019-cu ilin yanvarında istintaq təcridxanasından qaçan fransız iki həftə sonra yenidən həbs olunub.

Cakarta ölüm hökmünə qoyulan moratoriumu 2013-cü ildə ləğv edib. İndoneziya narkotik vasitələrin qanunsuz ticarəti ilə bağlı cinayətlərə görə edam cəzası tətbiq olunan dünyanın 33 dövlətindən biridir. Moratorium ləğv olunan vaxtdan bəri ölkədə əksəriyyəti əcnəbi olan 18 nəfər edam edilib. 2018-ci ildə İndoneziyanın 260 milyon nəfərlik əhalisi arasında narkomanların sayı 1,2 milyon nəfər təşkil edib.

Share: