Qurani-Kərim insan haqqında danışan zaman bəzən onu dağlardan da uca hesab edir, bəzən isə heyvandan da alçaq. Bu iki dəstə insan tamamilə bir-birinin əksidirlər.
Bəzi ayələrdə Quran buyurur ki, insan elə əməllər etməyə qadirdir ki, səma və yerdən uca olar. “Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”. (“Əhzab” 72).
Bu ayədən belə nəticəyə gəlmək olur ki, insan göydən və yerdən də uca məqamda yerləşir.
Loğmanın oğluna verdiyi nəsihətdə oxuyuruq: “Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da,) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən”. (“İsra” 37).
Başqa surədə buyurur: “Göylərin və yerin yaradılışı şübhəsiz ki, insanların yaradılışından (onların ölümdən sonra dirildilmələrindən) daha böyük və mühümdür. (Buna görə də, ona gücü çatanın, buna da gücü çatar). Lakin insanların çoxu bilmir”. (“Ğafir” 57).
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, bu ayələr buyurur ki, yer və göyün yaradılışı insanın yaradılışından daha əzəmətli olmuşdur.
“Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən “mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!” deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir”. (“Ali-İmran” 187).
Xülasə, bu ayələr demək istəyir ki, əgər insan vəhyi qəbul edən və Allaha inanan olarsa, o zaman əzəməti yer və göydən də uca olar.
Yox, əgər tərslik və itaətsizlik edərsə o zaman heyvanlardan belə alçaq olar: kafirlər, münafiqlər kimi.