“İnsanın günahı nə qədər çox olsa da, Allahın rəhmətindən ümidini kəsməməlidir…”

“Unutmayaq ki, insan nə qədər günah işləsə də, hətta eyni günahı təkrarlasa da Allahın əfvi, mərhəməti, bağışlaması sonsuzdur. Şeytan vəsvəsəsinə dinləmədən yenə tövbə qapısına üz tutmalıdır…”

 

Necə tövbə etməliyik?..

 

 

Yenə bir hədisdə buyurulur ki: Sizdən əvvəlki dövrlərdə yaşayan bir adam, doxsan doqquz adamı qətlə yetirdikdən sonra “Buranın ən böyük alimi kimdir?”- deyə soruşar.  Ona bir rahib göstərilər. O da   rahibin yanına gedər. Ona belə sual verər: “Mən, doxsan doqquz adam öldürmüşəm, tövbə etsəm, qəbul olarmı?” Bu sualın cavabında rahib, “Tövbən qəbul olunmaz!”- deyər. Adam onu da öldürər. Öldürdüyü insan sayı yüzə çatar. Yenə ən böyük alimin kim olduğunu  soraqlaşıb  onun yanına gedər:

 

-“Mən yüz adam öldürdüm. Tövbə  etsəm, qəbul olarmı?”-deyə sual verər. Alim isə ona belə nəsihət edər: “Bəli, sənin tövbə etmənə kimsə mane ola bilməz. Ancaq filan yerə get, orada Allah-Təalaya ibadətlə məşğul olan insanlar var. Orada  onlarla bərabər sən  də Allaha ibadət et və onlarla bərabər ol!” Alimin bu nəsihətindən sonra  adam yola çıxır, ancaq  yarı yola çatdığında da ölür. Rəhmət mələkləri də əzab mələkləri də bir araya gələrək öz aralarında bu şəxsin vəziyyətini müzakirə etməyə başlayar. Rəhmət mələkləri: “Bu adam canı könüldən tövbə edərək  buraya gəldi.” Əzab mələkləri isə: “Bu şəxs heç bir yaxşı iş görməyib.”- deyə etiraz edərlər.

 

Nəhayət, arxadan bir başqa mələk onların yanına gələr. Onlara deyər ki: “İki yer arasındaki məsafəni ölçün. Hansı tərəfə daha yaxın isə adam o tərəfə aiddir.” Bundan sonra məsafə ölçülür. Adamın gedəcəyi yerə daha yaxın olduğunu görüncə bu şəxs  rəhmət mələklərinə təslim edilir.[10]

 

Tövbə ilə bağlı hər kəsə maraqlı gələn bir məsələ: “Tövbəmi pozarsam, nə etməliyəm?”-sualının cavabıdır.

 

İnsan, zaman-zaman tövbə etdiyi günaha iradə zəifliyi göstərib təkrar bulaşar. Belə  olan halda onun istiqamətə çatması və istiqamətini qoruması çox çətindir. Halbuki o işlədiyi günahdan tövbə edərkən həqiqətən də səmimi idi. Tövbəsini də vicdanından gələn səsi dinləyərək etmişdi. Etdiyi günahdan diksindiyi üçün tövbə etmiş və tövbəsində çox səmimi olmuşdur. Ancaq iradəsi zəif bu insanlarda çox vaxt günahlara qarşı olan diksintinin yerini arzu və istəklər alır və onlar da təkrarən sürüşə bilərlər. Unutmayaq ki, insan nə qədər günah işləsə də, hətta eyni günahı təkrarlasa da Allahın əfvi, mərhəməti, bağışlaması sonsuzdur. Şeytan vəsvəsəsinə dinləmədən yenə tövbə qapısına üz tutmalıdır…

 

Günlərin bir günü bir nəfər  Həzrət Əliyə (r.a) gələrək günah işlədiyini və nə etməsi lazım olduğunu soruşar. Həzrət Əli “get tövbə et” deyər. Aradan bir müddət keçər, adam yenə yaxınlaşar və eyni günahı təkrarladığını deyər. “Get, tövbə et!” cavabını alar. Bir müddət keçər yenə gələr. “Ya Əli! Mən eyni günahı yenə elədim, indi nə edim?!”-deyə soruşar. Həzrət Əli də: “Get, tövbə et!”-deyə cavab verər. Adam, bu səfər: “Ya Əli! Hər səfərində yanına gəlir, eyni günahı işlədiyimi deyirəm, sən də “get, tövbə et!”, deyirsən. Bu nə vaxta qədər davam edəcək. Hikmət şəhərinin qapısı  belə cavab verir: “Sən o, günahı tərk edənə qədər…”

 

Nəticə etibarı ilə deyə bilərik ki, insan zəif və aciz varlıqdır. Hər daim Rəbbi ilə münasibətdə olmaq məcburiyyətindədir. Xəta, günah işlədikdə bu nisbətdə hüzurdan uzaqlaşar. Ona görə tövbə edərək, öz yoluna qayıtmalıdır. Tövbənin də özünə xas ədəbi, ərkanı vardır. Digər yandan insanın günahı nə qədər çox olsa da, Allahın rəhmətindən ümidini kəsməməlidir…

 

Mənbələr:

 

[10] İbn Macə, diyet, 2; Əhməd ibn Hənbəı el-Müsnəd 3/20.

 

Xudavənd Məhərrəmov, İlahiyyatçı

 

Meneviyyat.az

Mənbə

Share: