İpoteka ödənişləri də ASAN-laşdı

Bu gündən etibarən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, ASAN Ödəniş sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.

İpoteka və Kredit Zəmanəti Fondundan Milletinsesi.az-a verilən məlumata görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

 

Share: