İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunan qərarların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsirinin müzakirəsi məqsədilə seminar keçirilib.
Seminarda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xəzər Universiteti, BMT-nin İnkişaf Proqramı (UNDP) və digər yerli və beynəlxalq qurumların nümayəndələri iştirak edib.
Seminarın birinci hissəsi Milli Adaptasiya Planının (NAP) hazırlanmasına, ikinci hissəsi isə iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri mövzularına həsr olunub.
Seminarda iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri, səviyyə dəyişmələrinin ölkəmizin sahil zonasında yaratdığı sosial-iqtisadi və ekoloji problemlər, iqlim dəyişmələri nəticəsində artmaqda olan təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr və digər mövzular müzakirə olunub.
Seminara Xəzəryanı ölkələrin Hidrometeorologiya Xidmətlərinin nümayəndələri də qoşulublar. Rusiyanın Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin (“Росгидромет”) nümayəndəsi Y.Ostrovskaya “Regional iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə təsiri”, həmçinin Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (РГП “Казгидромет”) əməkdaşı N.Abayev “Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidmətinin hidrometeorologiya sahəsində və Xəzər dənizi regionunda fəaliyyəti” mövzuları ilə bağlı çıxış ediblər.