Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər davam edir.
İqtisadiyyat Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, aprelin 16-na muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 15 min 511 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 31 min 180 fərdi (mikro) sahibkar, cəmi 46 min 691 vergiödəyicisi müraciət edib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15 min 511 vergiödəyicisində çalışan muzdlu işçilərin sayı 169 min 69 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134 min 472 işçini əhatə edən 13 min 75 vergiödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergiödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir.
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 milyon manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11 min 567 vergiödəyicisinə 123 min 343 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 28,17 milyon manat vəsaitin köçürülməsi təmin olunub.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31 min 180 vergiödəyicisindən müraciət daxil olub. Dövlət Vergi Xidməti tərəfindən 29 min 946 müraciət araşdırılaraq təsdiq olunub və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 milyon manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 milyon manat vəsaitin 22 min 949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.
Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına yol verilməməlidir. Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergiödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əməkhaqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergiödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcək.
Muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat.