“İrəvanda olanda ermənilər 4 məscidi gözümüzün önündə dağıtdılar”-FOTO

“Ömrümdə bir dəfə toya getmişəm, oxumamışam, mikrofonu qoyub çıxmışam”

 

“Çox xoşbəxt sənətkaram ki, bu gün mahnılarımı gənclərin ifasında eşidirəm. Bu hər sənətkara qismət olmur. Arzu edərdim ki, mahnının kökünə toxunmasınlar. Əlbəttə ki, yenilik gözəldir. Amma hər mahnı da yeniliyi qəbul etmir. Yenilik gətirsən belə o mahnıya toxunmaq olmaz.  “Qalx qalxa ulu torpaq” mahnısı 1989-cu ildə yazılıb. Bu gün də oxunur, aktualdır. Yadımdadır, o vaxt bir neçə dubl etdik. Dedim ki, üçüncünü də yazaq? Rəhmətlik Rafiq Babayev dedi ki, qəti etmə. Dedi ki, birinci dubl daxildən gəldi, mən səndə göz yaşı hiss etdim”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib. O daha sonra uşaqlıq illərini xatırlayıb.

 

“Bilirsiniz ki, mən İrəvanda doğulub böyümüşəm. Orada Azərbaycanlıların qəbirstanlığı var idi. Oranı ermənilər yerlə-yeksan ediblər. Babam, nənəm və s. bütün əzizlərim orada idi. Tanınmaz hala qalıb o yer. Mədəniyyət evləri, evlərimizi, məscidlərimizi dağıdıblar. Uşaq idim, xatırlayıram ki, İrəvanda 4 məscidi camaatın gözünün qabağında sökdülər. Bir məscid qalmışdı, nənəm, babam əlimizdən tutub ora aparırdı. Onu da dağıtdılar” deyə sənətkar bildirib.

 

Mübariz Tağıyev heç vaxt toylarda və restoranlarda oxumadığını bildirib.

“Rəşid Behbudov qarşıma şərt qoymuşdu ki, ya toy, ya da səhnə. İkisindən birini seçməli idim. O toy aləmini heç sevməzdi. Rəşid Behbudovun sağlığında toy məclislərinə getməmişəm. O dünyasını dəyişəndən sonra Rafiq Babayev mənə dedi ki, çox hörmətli, izzətli bir adamın övladının toyu var. Çox götür-qoy edəndən sonra həmin toya getdim. Amma ab-hava mənim heç xoşuma gəlmədi. Hər kəs öz hayında idi. Yeyib-içirlər, deyib-gülürlər. Mən oxuya bilməzdim. Çünki ilk dəfə idi ki, bu cür mənzərə ilə qarşılaşırdım. Mikrofonu əlimdən yerə qoyub çölə çıxdım. Hətta ev yiyəsi də gəldi ki, hörmətsizlik edirsiniz. Nə qədər etdilərsə oxumadım. Mən özümə, sənətimə hörmətdən dolayı bu addımı atdım. Halbuki vəziyyət yaxşı deyildi, mənə bəlkə də o illərdə pul daha çox lazım idi” deyə sənətkar bildirib.

Mənbə

Share: