Bir müddət əvvəl Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində Rusiyanın Ermənistana silahlar göndərdiyini bildirib. O, hansı silahların gətirildiyini açıqlamayıb.
Eyni zamanda İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. Yerli mətbuatda yayılan məlumata görə, İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının keçdiyi görünüb. Onların üzəri brezentlə örtülmüş maşınlarda naməlum yüklər olub. Avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistanın Aqarak gömrük-keçid məntəqəsinə, daha sonra Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.
Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə gizlədilmək üçün ört-basdır olunub, onun hərbi məqsəd daşıdığı gün kimi aydın olur.
Ermənistanın Fransadan zirehli texnikalar aldığı, Hindistandan artilleriya silahları sifariş etməsi barədə də xəbərlər yayılıb.
Bəs Ermənistanın silahlandırılmasının səbəbi nədir? İrəvanı kim və niyə yeni müharibəyə hazırlaşdırır?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistan ordusunu döyüşə hazır vəziyyətə gətirməyə çalışır:
“44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu Ermənistan ordusunun arsenalında olan silahların və hərbi texnikaların əsas hissəsini darmadağın edərək məhv edib. Ermənistan indi ordusunu yenidən silahlandıraraq itirilmiş silahaların yerini bərpa etməyə və döyüşə hazır vəziyyətə gətirməyə çalışır. Ona görə də Rusiyadan, Fransadan, Hindistandan silahlar alır və ordusunu dirçəltməyə çalışır. Amma bu, Ermənistan ordusunun yaxın zamanlarda Azərbaycan ordusu ilə müharibə edə biləcəyi anlamına gətirmir. Ermənistan Fransadan və Hindistandan öz dövrünü başa vurmuş döyüş maşınları və silahları alır. Azərbaycan ordusu isə daha müasir silahlarla silahlanır və yarana biləcək hər bir təhdidi qısa zaman kəsiyində məhv etməyə hazır vəziyyətə gətirilib.Ordumuzun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri də buna misaldır”.
A.Badamov Ermənistanın aldığı silahların hələ ki, təhlükə yaratmadığını vurğulayıb:
“Ancaq Ermənistanın aldığı silahlar bizim üçün təhlükə mənbəyinə çevrilərsə, onlar harada yerləşməsindən asılı olmayaraq darmadağın ediləcək. Ermənistan dövlətinin rəhbərliyi mövcud reallığı düzgün dəyərləndirərək havadarların regionda sabitliyi pozmağa hesablanmış şirin sözlərinə inanıb silahlanmaya getməməlidir. Əgər Ermənistan sınıq-salxaq silahlarla yenidən müharibəyə cəhd edərsə, onların kasıb vətəndaşların ağzından kəsdiyi pullarla aldıqları həmin silahlar da Bakıya gətirilərək Hərbi Qənimətlər Parkında sərgilənəcək”.
Politoloq Natiq Miri qeyd edib ki, Ermənistanın silahlandırılmasının iki ölkə arasında hərbi balansın yaradılmasıdır:
“Çünki belə olan halda, yaxud ən azından bu vəziyyətə yaxınlaşmağın Azərbaycan üçün çəkindirici məqam olacağını düşünürlər. Ermənistan rəhbərliyi xarici ölkələrin dövlət adamları ilə görüşlərdə bütün dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanı onlara güc tətbiq etməkdən çəkindirməli olduğunu xüsusi vurğulayırlar. Yəni, qayə budur. Bir tərəfdən Avropanın aparıcı dövləti olan Fransa Ermənistana silah göndərir və prosesin davamlı olacağını bildirir. Digər yandan Avropa Birliyi Sülh Fondu vasitəsilə guya müdafiə silahları adı altında təchizatların göndərilə biləcəyinə vurğu edirlər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təhlükəsizlik məsələləri ilə bağlı tez-tez Vaşinqtona səfər edir. Pentaqonda və digər dövlət strukturlarında danışıqlar aparılır. Belə danışıqlardan biri dünən ABŞ-ın Ermənistandakı səfiri ilə ölkənin müdafiə naziri Suren Papikyan arasında olub. Maraqlıdır ki, görüş Rusiyanın Ermənistana borclu olduğu maliyyələr fonunda bir sıra strateji silahlar göndərdiyi bir vaxtda baş verib. Bu, təkzibolunmaz faktdır. Ermənistan da bunu təkzib etmir. Bu təchizatların içərisində yalnız müdafiə silahları yoxdur. Konvensial, öldürücü hücum silahları olan Smerç raketləri də mövcuddur. Nəhayət İran vasitəsilə iri tonnajlı, üstüörtülü maşınlarla daşımaların məxvi xarakter daşıması və görünməsini istəmədikləri üçün bunun ağla ilk hərbi xarakterli yüklər olduğu düşüncəsini gətirir. Bütün bunlar hamısı Azərbaycana qarşı davranışlardır. İstər Avropa, istər Rusiya, istər Fransa və Amerikanın Ermənistana silah göndərməsini ayrı-ayrılıqda düşünmək yanlış olardı. Bunlar böyük və məqsədli prosesdir. Bir məqsədə xidmət edir ki, Azərbaycan güclü olduğu üçün bu amildən zaman-zaman təzyiq xarakterli istifadə edərək Ermənistandan istədiklərini ala bilməsin.Bunun üçün də Ermənistan tədricən silahlandırılır. Hərbi balans yaradılmaqla, Ermənistanın təhlükəsizliyinə müəyyən mənada təminat verməklə Azərbaycan üçün çəkindirici məqamlar yaratmaq istəyirlər. Ola bilsin ki, bu məsələnin içərisində qısa müddətdə olsa da, yeni hərbi toqquşmanın olmasını istəyənlər də var. Ancaq hər bir halda əsas məqsəd budur. Bu, proses davamlı olacaq”.
N.Miri Azərbaycanın bu amilləri nəzərə almalı olduğunu düşünür:
“Ona görə də Azərbaycan həm bu yöndə, həm də sülh prosesi yönündə sözügedən amilləri nəzərə almalıdır. Sülh danışıqlarında kimin vasitəçilik etməsinə, sülhün hansı şəhərdə imzalanmasına bu amillər nəzərə alınaraq qərar verilməlidir. Fakt onu göstərir ki, nə qonşu Rusiyayla İran, nə də ABŞ və Avropa Azərbaycanla Ermənistan arasında sülh prosesi deyəndə yalnız təməl amillər yaratma istəyir. Əksinə Azərbaycanın qarşısını almaq, onun xeyrinə olacaq istənilən sülh prosesinin qarşısını almaq istəyirlər”.