Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ölkənin İctimai Televiziyasına müsahibəsində bəzi diqqətçəkən fikirlər səsləndirib. O, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirildiyini deyərək, sazişin ilin sonuna kimi imzalana biləcəyini diqqətə çatdırıb.
“Danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var”, – deyə Qriqoryan Bakıya mesaj ötürüb.
Ermənistan rəsmisinin səsləndirdiyi fikirlərin nə qədər səmimi və həqiqətə uyğun olub-olmadığı maraq doğurur.
Doğrudanmı, 2023-ci ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər, yoxsa Qriqoryan bununla sərhəddəki təxribatları ört-basdır etmək niyyətindədir?
Mövzunu Modern.az-a şərh edən politoloq Natiq Miri bildirib ki, sülh müqaviləsi ilə bağlı müsbət ritorika Ermənistanın prosesə səmimi yanaşmasının göstəricisi deyil:
“Ona görə ki, başda Nikol Paşinyan olmaqla Ermənistan rəhbərliyi bu gün dediyini sabah təkzib edir. Moskvada, Soçidəki çıxışını Ermənistana qayıdan kimi dəyişdirir və fikirlərini anti-Rusiya açıqlaması ilə tamamilə əks istiqamətə yönəldir. Açıq görsənir ki, Ermənistan iki kresloya əyləşmək siyasətini davam etdirir. Çünki Ermənistan beynəlxalq vasitəçilərdən istəklərinə nail olmaq üçün dəstək ala bilmir. Bu gün Qarabağla bağlı yanaşmada Qərb dünyasında Azərbaycana yönəlik fikirlər, rəylər formalaşmaqdadır. Bu da əlbəttə ki, Ermənistanı qane edən məsələ deyil”.
Politoloq Ermənistanın rəsmilərinin sözləri ilə əməllərinin uzlaşmadığını vurğulayıb:
“Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirsə də, kobud şəkildə ölkəmizin daxili işinə qarışır. Bu gün separatçıları maliyyələşdirən məhz Ermənistandır. Ermənistanın qoşunları hələ də Azərbaycan ərazisində yerləşməyə davam edir. Nəhayət, Ermənistan Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını əngəlləməyə çalışır. Bu məsələlər durduqca Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanımaq kimi bəyanatların verilməsi riyakarlıqdan başqa bir şey deyil. Digər məsələlərdə, xüsusilə kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi kimi proseslər nə qədər əhəmiyyətli olsa da, sülh müqaviləsinin mahiyyətini təşkil edən əsas amil Qarabağ məsələsidir. Çünki 30 illik münaqişəyə səbəb Qarabağ məsələsi və Ermənisanın Azərbaycana ərazi iddiası olub. Bu səbəb aradan qaldırılmasa, sülh müqaviləsindən söhbət gedə bilməz. Hətta kağız üzərində hər hansı sülh müqaviləsi imzalasa da, heç bir işə yaramayacaq”.
Natiq Miri Azərbaycan ictimaiyyətini ermənilərin bu cür bəyanatlarına inanmamağa çağırıb:
“Ermənistan rəhbərliyinin açıqlamaları o zaman ciddi qəbul olunacaq ki, sənəddə birbaşa Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, eyni zamanda ərazi bütövlüyünün pozulmaması prinsipin təsdiq edəcək. Hələlik biz bunu görümürük. Təməldə duran əsas məsələ budur. Bundan sonra sərhədlərin müəyyənləşməsindən söhbət gedə bilər. Bu da uzunmüddətli prosesdir. Asanlıqla başa gələcək məsələlər deyil. Ona görə də bizim ictimaiyyətimiz bu cür bəyanatlara inanmamalıdır. Çünki Ermənistan özünü sülhün tərəfdarı kimi göstərmək məcburiyyətində qalıb. Lakin praktikada tamamilə anti-Azərbaycan siyasəti apararaq, bizə təzyiq göstərməyə çalışır. Bütün bunlar dayandırılmayınca, əsassız iddialardan əl çəkməyincə, ilin sonuna kimi sülh sazişinin bağlanmasını demək havada asılı qalan sözdən başqa bir şey deyil. Gəlin, ermənilərin sözlərinə yox, əməli, praktiki fəaliyyətinə baxaq”.
Politoloq Cümşüd Nuriyev isə Qriqoryanın sözlərində həqiqət olduğunu düşünür. O fikirlərini belə əsaslandırıb: “Ermənistanın çıxış yolu yoxdur. Bütün dünya Ermənistana təzyiq edir. Açığı Paşinyan da bu məsələlərdən bezib. Proseslər onun hakimiyyətinə təhlükə yaratdığı üçün problemdən qurtulmağa çalışır. Burada qeyri-adi bir şey görümürəm. Problemli məsələləri həll etmək üçün ayrı cür yanaşma alınmayacaq. Sülh üçün addım atmağa məcburdurlar”.
Müsahibin fikrincə, Azərbaycan sülhə nail olmaq üçün Ermənistana təzyiqləri getdikcə artırmalıdır.
“Azərbaycan Prezidentinin Laçındakı sonuncu çıxışı, aprel ayının 23-də Laçında buraxılış məntəqəsinin açılması və digər bəyanatlar bunlar hamısı təzyiq vasitələridir. Ermənilər bütün dünyaya basqı altında olduqlarını göstərməyə çalışdılar. Ancaq Azərbaycan mətbuatı vəziyyəti yaxşı idarə etdi. Onların yalanı ifşa olundu. Ermənilərin özlərini məzlum tərəf kimi göstərməsi və göz yaşları daha qəbul olunmur. İyul ayının 21-də keçirilməsi gözlənilən görüş ərəfəsində Rusiya yenə də ermənilərin əli ilə oyun çıxara bilər. Biz bundan sığortalanmamışıq. Ermənilər çıxılmaz vəziyyətdədirlər. Hara əl atırlar, orada çox ciddi problemlərlə üzləşirlər. İlin axırına qədər sülh müqaviləsinin imzalanacağını gözləyirəm. Ona qədər Azərbaycanın antiterror əməliyyatı keçirəcəyinə inanıram. Əməliyyat sülh işinə təkan verəcək. İyulda da ermənilər lazımsız addımlar atsa, bu dəfə Azərbaycan onları ciddi cəzalandıracaq”.