Prezident Administrasiyasında kimlərin icra başçılarını himayə etdiklərini faktlarla açıqlayıram və hüquq mühafizə orqanlarından göstərdiyim faktların araşdırılmasını xahiş edirəm. Himayəçilərin başında Ramiz Mehdiyevin dayanması şübhəsizdir. Bəs, başqa kimlər var?! Ən azından özüm yaşadığım bir faktı Sizinlə bölüşürəm.
2013-cü il ikinci dəfə vəkillikdən xaric olunduqdan sonra yeganə gəlir yerim xaricdə apardığım işlər oldu. 2016-cı ildə xaricə çıxışıma qadağan qoyulduqdan sonra bu da kəsildi. Elə o vaxtlar yaxın tanıdığım şəxslərdən biri Azərbaycana sərmayə qoyub fermer təsərrüfatı yaratmaq istədiyini bildirdi. Məmmədlidə torpaq sahəm olduğunu bildirib yardımçı olmağa hazır olduğumu dedim. Bunun üçün torpaqdan istifadə qaydalarını öyrənməyə, ferma tikintisi üçün sənədləşmələrə başladım. Həmin sahənin 20-də bir hissəsi ferma, qalan hissəsi isə yonca əkini üçün nəzərdə tutulmuşdu. Birinci növbədə tikinti sənədlərini hazırladım. Qanunvericilikdən başqa mövcud praktikanı, həmin sahədə hansı təsərrüfatların olduğunu araşdırdım. Zahirən hər şey uğurlu alınırdı. 2018-ci ilin yayından 2019-cu ilin yayına qədər bu işlərlə məşğul oldum. Buna görə Abşeron rayon İcra Hakimiyyətinin baş memarı Akif adlı şəxslə telefonla da danışdım. Üzünü görməsəm də həmin şəxs çox xoş təəssürat bağışladı. Sənədlər hazır olduqdan sonra yaxın adamımı sənədlərin yoxlanması və təsdiq edilməsi üçün Akif müəllimin yanına göndərdim. Akif müəllim rəsmi baş memar olsa da sənədlərin tamlığını yoxladıqdan sonra yaxınımla birgə icra hakimiyyətində oturub bütün məsələləri həll edən ( belə şəxslər bütün icra hakimiyyətlrində var) Emil adlı şəxsin yanına gedir, sənədlərin qaydasında olduğunu Emilə bildirib kömək etməsini xahiş edir. Həmin şəxs sənədlərin Başçı tərəfindən təsdiq edilməsi üçün, mənim də xahişimi nəzərə almaqla 35 min manat vermək lazım olduğunu bildirir. Bunlar mənə bildirilən kimi yenidən Akif müəllimə zəng edib diqqəti üçün təşəkkür edib bildirdim ki, mən ömrümdə heç kimə rüşvət verməmişəm və verməyəcəm. Söhbətdən Akif müəllim tutuldu və elə söhbətlərdən xəbəri olmadığını, çirkli işlərə qarışmadığını bildirdi. Başa düşdüm ki, Akif müəllim baş memar olsa da sənədləşmə işində bütün səlahiyyətlər başçının pul yığanı kimi tanınan Emil adlı şəxsdən asılıdır. Elə həmin günü Prezident Administrasiyasında Abşeron rayonunun kuratoru Habil adlı şəxsin olduğunu öyrənib 492 74 40 nömrəli şəhər telefonu ilə onunla danışıb baş verənləri ətraflı diqqətinə çatdırdım. Əlavə olaraq onu da bildirdim ki, Prezident İlham Əliyev hər çıxışında ölkəyə sərmayə cəlb olunmasından, sahibkarlığın inkişafının vacib olduğundan danışır, bu iş üçün Rusiyadan 150 min dollar vəsait yatırılması nəzərdə tutulub, sizin kuratoru olduğunuz başçı İradə Gülməmmədovanın adından isə 35 min manat rüşvət tələb olunur. Vəziyyətim onsuz da ağır olduğundan (həmin vaxt artıq 3-cü dəfə məhkum olunmuşdum) hüquq mühafizə orqanlarına müraciət etmək fikrim yox idi. Ancaq problemim həll olunana qədər bu işdən əl çəkmək fikrim də yox idi. Habil müəllim diqqətlə dinləyib tələsməməyi xahiş etdi və problemi başçı ilə dəqiqləşdirəcəyini bildirdi. Növbəti dəfə Habil müəllimin məsləhəti ilə yenidən mənə yaxın olan şəxs icra hakimiyyətinə getdi. Bu dəfə onu İ.Gülməmmədovanın müavini İlham adlı şəxs qəbul etdi. Söhbət onunla yekunlaşdı ki, ya biz 35 min manatı verməli, yaxud da öz riskimizə qanunsuz tikinti işləri aparmalıyıq. Sadəcə İcra Hakimiyyəti buna mane olmayacaq. Bunun bütün iş adamlarının başına tikdikləri torba olduğunu bildiyimdən icazə almadan heç bir tikili aparmağa razı olmayıb yenidən Habil müəllimlə danışdım. Növbəti dəfə İ.Gülməmmədova mənə yaxın olan şəxsi bir neçə nəfərin iştirakı ilə qəbul edib əsl maskarad təşkil edir. Özünü elə aparır ki, guya o rayonda bütün iş adamlarına doğmaları kimi baxır və bizə də kömək etməyə hazırdır. Ancaq ferma tikintisinə icazə verməyə hüququ olmadığını bildirir. Bununla da kifayətlənməyib bizə elə özü təşkilində kömək edəcəyi hansısa parnik biznesi təklif edir. Əlavə olaraq bizim ona böhtan atdığımızı, rayonda heç vaxt, heç kimdən rüşvət tələb olunmadığını bildirir. Bildiriləndə ki, axı orada çoxlu sayda tikintilər var. Cavab verir ki, onun bundan xəbəri yoxdur. Bunların gələcəkdə özünü sığortalamaq üçün otağında aparılan videoçəkilişə hesablanmış şou olduğunu bildiyimdən sonra da dəfələrlə Habil müəllimlə danışdım. Başa düşdüm ki, bu şəxs problemi həll etmək istəsə də buna gücü çatmır.
Bundan sonra bir neçə dəfə Prezident Administrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevlə danışmaq istədim. 492 47 17 telefonu ilə dəfələrlə bir neçə, o cümlədən Z.Nağdəliyevin köməkçisi Vüqar adlı şəxslə də danışdım. Görüş alınmasa da söhbətlərdən tam əmin oldum ki, Z.Nağdəliyev 35 min manat tələb olunmasını bilir, ancaq qarışmaq istəmir, çünki bu və ya digər formada başçılardan yararlanır. Əminəm ki, istintaq dövrü bu gün həbs olunan başçılar hər dəfə Prezident Administrasiyasına gələndə yüz minləri elə o Administrasiyada payladıqlarını bildirirlər. İndi təsəvvür edin ki, arxayınlıq, həyasızlıq hansı dərəcədə idi ki, ölkədə az-çox tanınan bir hüquqşünasdan da rüşvət tələb olunurdu. İndi sadə iş adamlarının başına gətirilənləri təsəvvür edin! Məhz buna görə minlərlə bacarıqlı iş adamları ölkəni tərk edib xaricdə uğurlu biznes qurdular.Ona görə bir daha təkrar edirəm, vətəndaşları aparılan işlərin effektliyinə, ədalətli, davamlı olmasına inandırmaq üçün addımlar tək başçıların həbsi ilə kifayətlənməməlidir. Onları himayə edənlər, alınan rüşvətləri onlarla bölüşdürənlər də məsuliyyətə alınmalıdırlar.
Aslan İsmayılov
Hüquqşünas
Sözçü.az