Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Təəssüf ki, ərazilərimiz işğala məruz qalandan İranın qonşu olaraq Azərbaycana qarşı riyakar davranmasının dəfələrlə şahidi olmuşuq. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Amma hər iki qonşumuz birdəfəlik anlasa, yaxşı olar – Zəngəzur dəhlizi açılacaq!
İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir. Son zamanlar televiziya verilişlırində açıq təxribatlar və gücə təhrik tonunda danışan İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir.
Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır.
İranın uğursuz xarici siyasəti və əsassız ambisiyaları onu dalana dirəyib. İran son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, “himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb. Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir.
İran “İmam Xomeyni İmdad Komitəsi” və Mədəniyyət Mərkəzi vasitəsilə “humanitar yardım” paylamaq adı altında bütün bölgələrdə strukturlaşıb, əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirib, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edib.
İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Ordumuzun gücünü Vətən müharibəsində bütün dövlətlərlə yanaşı İran da gördü. Hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür.
İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır, bu da sistemli təxribatın bir növüdür. Ölkəmizdə guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışdılar.
Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür.
Özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını niyə tələb etmir?
İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir.
İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir.
Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə – Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb, bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar dərc edilib. Sirr deyil ki, işğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib.
Təəccüb və təəssüf doğuran fakt odur ki, Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir. Bu, Azərbaycanla İranın azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı demək idi.
Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç vaxt dəyərləndirməyib.
İran Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.
Mənə elə gəlir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin son müsahibəsi İran üçün bir dərs olacaq, ölkəmizlə apardığı ikili siyasətə çəki-düzən verəcək.
Məşhur Məmmədov
Milli Məclisin deputatı