Tehran açıq şəkildə sanksiyaların sərtləşdiriləcəyi halda hansısa qətiyyətli addımlara hazır olduğunu nümayiş etdirir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Military Russia” portalının təsisçisi Dmitri Kornev Hörmüz boğazında İran və Britaniya gəmilərinin iştirakı ilə baş verən insidentlə bağlı danışarkən deyib.
“İran son dövrdə bir çox kəskin addımlar atır – ABŞ dronunun vurulması, Britaniya tankerinin saxlanmasına cəhd… Bununla da Tehran həm də özünün düşmən gəmilərinə qarşı bütün atəş gücündən – həm sahil kompleksləri, həm gəmilərdən, o cümlədən də kiçik döyüş gəmiləri donanmasından istifadə edə biləcəyi ilə bağlı imkanlarını nümayiş etdirdi. Görünür, hələ başqa fəaliyyətlər də olacaq”, – Kornev bildirib.
Onun sözlərinə görə, dənizdə real döyüş zamanı iranlılar 1-2 gəmi batıra bilərlər. Bundan sonra isə İslam Respublikasının Hərbi Dəniz Donanması sahil infrastrukturu ilə birlikdə məhv ediləcək. Bunu anlayan İran Şimali Koreyanın etdiyi kimi məsələni maksimum güzəştlər əldə etməklə həll etmək istəyir:
“Bu məsələdə daha çox toqquşma nöqtələri var. Hələ 1980-ci illərdə Şimali Koreya şəriklik üçün əlaqələr axtarmağa başladı. 90-cı illərdə Şimali Koreya SSRİ-dən texnologiya, həmçinin elmi kadrlar idxal etdi. İranla Şimali Koreyanın sonrakı əlaqələr ona gətirib çıxardı ki, Tehran raket texnologiyalarına və birgə əməkdaşlıq nəticəsində böyük həcmdə Koreya mənşəli texnikaya sahib oldu. Pxenyan kimi Tehran da bunlardan uğurla istifadə edir”, – ekspert bildirib.