İran mütləq Ermənistana PUA verəcək

“İran mütləq şəkildə Ermənistana kamikadze dronlar verəcək”.

 

Bunu Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov bildirib.Onun sözlərinə görə, İran üzdə sülh istədiyini desə də, reallıq bu ölkənin tamamilə əksini göstərir.

 

“İran Ermənistanı silahlandırmaqla vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan sözsüz ki, İrandan PUA alacaq. Bu, yüz faizdir. Bəlkə də, bir-iki PUA artıq verilib. Ancaq unutmayaq ki, Ermənistan tək İrandan PUA almır. Hindistan, ABŞ və Fransa kimi ölkələr də Ermənistanı silahlandırır. Rusiyanın hərbi sənaye kompleksində vəziyyət gərgin olduğu üçün Rusiyanın adını bu sırada sadalamadım”.

 

Ekspert hesab edir ki, İran Ermənistana çoxlu saytda PUA verə bilməyəcək. Bunun əsas səbəbi Ukrayna müharibəsidir:

 

“Bu gün İranın başı Rusiyaya qarışıb. Rusiya İrandan 2400 PUA istəyib. İran isə indiyə qədər Rusiyaya yalnız 500 PUA verib. Hələ qalan PUA-ları çatdırmaq lazımdır. Bu isə mümkün deyil. Həm də o qədər çox PUA istehsalını İran müdafiə sənayesi çatdıra bilməz. Bu da onu göstərir ki, Ermənistan İrandan elə də çox PUA ala bilməyəcək”.

 

 

İran istehsalı dronların üstün cəhətlərinə gəlincə, Üzeyir Cəfərov bu məsələnin şişirdildiyini söyləyib:

 

“Rusiyaya göndərilən dronlar müharibənin gedişinə o qədər də təsir göstərə bilmədi. İran PUA-larının alqoritmi artıq Ukrayna tərəfindən hazırlanıb. Onlara qarşı mübarizə üsulları da tapılıb. Həmin dronları hətta avtomat və pulemyotlarla da vurub olur. 150-180 kilometr sürət, 4000 metr hündürlüyə sahib olması onun üstünlüyünü göstərmir. Bu dronları müxtəlif texnikalarla çaşdırıb, İranın, yaxud Ermənistanın öz üzərinə göndərmək belə mümkündür. Yəni bu qədər az təsirə malikdir. Ancaq Azərbaycan öz hərbi hazırlığını daha da yüksəltməlidir. Çünki Ermənistanın hər an beynəlxalq hüquqa zidd olaraq Azərbaycana hücum etməsi gözlənilir. Onu da bildirək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda olarkən dünyaya və regiona olduqca ciddi mesajlar verilib”.  

 

Qeyd edək ki, Ermənistan İrandan zərbə PUA-ları almağa hazırlaşır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İranın Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirib ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 22 ölkə rəsmi müraciət edib. Onların arasında Ermənistan da var.

Mənbə

Share: