İran “qara siyahı”ya əlavə edildi

Çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair maliyyə tədbirlərinin hazırlanması üzrə Qrup (FATF) İranı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahələrində beynəlxalq meyarlara cavab verməyən dövlətlərin yer aldığı “qara siyahıya” əlavə edib.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə FATF-ın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, “2020-ci ilin fevral ayında FATF qeyd edib ki, İran çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində “strateji çatışmazlıqları” aradan qaldırmaq üzrə “fəaliyyət planını” tamamlamayıb”: “İranın FATF standartlarına uyğun olaraq Palermo Konvensiyasını və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Beynəlxalq Konvensiyanı qəbul edə bilməməsini nəzərə almaqla, FATF əks tədbirlərin dayandırılmasını tamamilə ləğv edir və üzvlərini və bütün yurisdiksiyaları tövsiyələrə uyğun olaraq effektiv əks tədbirlər tətbiq etməyə çağırır”.

Təşkilatdan əlavə ediblər ki, İran fəaliyyət planı tamamlanana qədər “qara siyahıda” qalacaq: “İran FATF standartlarına uyğun olaraq Palermo Konvensiyasını və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Beynəlxalq Konvensiyanı təsdiq edərsə, FATF əks tədbirlərin dayandırılması da daxil olmaqla növbəti addımlar barədə qərar verəcək. İran terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyət planında göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirləri həyata keçirənə qədər, FATF İrandan terrorçuluğun maliyyələşdirməsi riskindən və bunun beynəlxalq maliyyə sisteminə yaratdığı təhlükədən narahat qalacaq”.

Bundan əlavə, qeyd edilir ki, FATF üzvü olan ölkələr təşkilatın yeni tövsiyələrindən asılı olmayaraq İrana qarşı mümkün tədbirlər barədə qərar verə bilərlər.

Share: