İran Rusiyaya PUA satır, amma etiraf edə bilmir…

İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satması Qərbdə ciddi müzakirə mövzusu olub. Rəsmi Tehranın bu addımı – Rusiyaya Ukrayna ərazilərinin işğalında kömək etməsi üçün PUA-lar verməsi Qərbin hərbi dairələrini hiddətləndirib.

Modern.az xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, İran rəsmilərinin hələ ki Rusiyaya zərbə donları satılması barədə açıqlamaları yayımlanmayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə şəhərləri hədəf alan İran dronlarının markasına qədər sadalayıb, sübut kimi həmin PUA-ların qalılqarının mövcud olduğunu vurğulayıb. Rəsmi Tehran isə hələ da reallığı inkar etməyə çalışır.

Bu arada İsrailin diaspor məsələləri üzrə naziri Naxman Şai öz hökumətinə ABŞ və digər NATO ölkələrindən nümunə götürərək Ukraynaya hərbi yardım göstərməyə başlamağı təklif edib. Bu barədə o, Tvitter hesabında yazıb.

N.Şai bu bəyanatı “Vaşinqton Post” qəzetində dərc olunan xəbərdən sonra verib. Həmin xəbərdə qeyd edilir ki, Rusiya İranla yeni silah tədarükü, o cümlədən ballistik raketlər və bir sıra pilotsuz təyyarələrin tədarükü ilə bağlı razılığa gəlib.

Naxman Şai bildirib ki, Ukrayna ABŞ və NATO ölkələrindən olduğu kimi, nəhayət İsraildən hərbi yardım almalıdır.

Şai vurğulayıb ki, İsrailin münaqişədə hansı tərəfi tutacağına artıq heç bir şübhə yoxdur.

Xatırladaq ki, İrandan Rusiyaya pilotsuz təyyarələrin ilk partiyasının gətirildiyi barədə məlumat hələ avqustun 30-da yayılmışdı. “Vaşinqton Post” un məlumatına görə, dronların ilk partiyası avqustun 19-da Rusiyaya gətirilib.

Hələ avqustun 29-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Moskva İrandan pilotsuz təyyarələrin alınması ilə bağlı Tehranla danışıqları davam etdirir.

İddialara görə, Tehran Moskvanı “Mohajer-6” və “Shahed” seriyalı dronlarla və İrana məxsus yüzlərlə digər müxtəlif tipli PUA-ların təhvil verilməsinə dair razılaşmanın bir hissəsi kimi təmin edib.

Siyasi ekspertlər deyirlər ki, bu, İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir. Ona görə də rəsmi Tehran Rusiyaya PUA  satmasını açıq şəkildə bəyan edə bilmir.

 

Mənbə

Share: