Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Milletinsesi.az-a bildirilib ki, daxil olan məlumatlara əsasən, Ukraynanın Donetsk (Donetsk) vilayətinin Volnovaxa rayonu, İran İslam Respublikasının Kirmanşah (Kermanshah) əyalətinin Sərpol Zəhab və Kirmanşah, Xuzistan (Khuzestan) əyalətinin Dəşt Azadegan və Qərbi Azərbaycan (West Azerbaijan) əyalətinin Məhabad inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Ukraynanın Donetsk vilayəti, İran İslam Respublikasının Kirmanşah, Xuzistan və Qərbi Azərbaycan əyalətlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna və İran İslam Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.