İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxslər tutuldu

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar İsgəndərli saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədi ilə göndərdiyi heroini qəbul etdiyini bildirib.

 

Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

 

Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

Mənbə

Share: