Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərində çəkilmiş peyk görüntüləri İrandan mümkün hava təhdidlərinə qarşı müdafiə üçün İsrailin ən azı iki “Barak” hava hücumundan müdafiə sistemindən istifadə edildiyi görünür.
Moderator.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Peyk görüntülərinə görə, batareyalar və “Elta EL/M-2084” radarı Əbu Dabi yaxınlığındakı Əl-Dafra aviabazasının yaxınlığında yerləşdirilib.
Batareyalar Yəməndə İranın dəstəklədiyi “Husi” qüvvələri tərəfindən atılan raketlər və pilotsuz təyyarələrdən kritik nöqtələri qorumaq üçün istifadə olunur.
“Husi” yaraqlılarına qarşı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi əməliyyatlarda iştirak edən BƏƏ son aylarda bir neçə dəfə raket və dron hücumlarına məruz qalıb. İsrail belə hücumlara qarşı BƏƏ-yə dəstək təklif edib. Keçən il Əbu Dabidə 3 nəfərin ölümünə səbəb olan raket və dron hücumundan sonra İsrailin keçmiş baş naziri Naftali Bennett ölkənin təhlükəsizlik orqanlarına BƏƏ-yə gələcək hücumlardan qorunmaq üçün hər cür yardım göstərməyi əmr etdiyini açıqlayıb.
Həm İsrail, həm də BƏƏ illərdir İran təhlükəsinə qarşı gizli şəkildə birgə çalışırlar. İki ölkə arasında hərbi və kəşfiyyat sahələrində anlaşmaların və yüksək əlaqələrin olduğu bildirilir.
Körfəz ölkələri ilə əlaqələrin normallaşmasından əvvəl də İsrail İrandan gələ biləcək təhlükələrdən qorunmaq üçün regional hava hücumundan müdafiə proqramından danışmağa başlayıb. İsrail iki il əvvəl bölgə ölkələrinə birgə Yaxın Şərq Hava Hücumundan Müdafiə Sisteminin qurulmasını təklif edib.
İsrail müdafiə naziri Benni Qantzın sözlərinə görə, artıq bu sistem fəaliyyətdədir və hava təhdidlərinin qarşısını uğurla alır.