İranda məktəbli qız polis tərəfindən şiddətə məruz qalaraq vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası məlumat yayıb.
Bildirilib ki, Ərdəbil şəhərində orta məktəblərdən birinə təhlükəsizlik qüvvələri tərəfindən hücum edilib. Polis şagirdlərə Xamneini mədh edən himni oxumalarını əmr edib.
Bu tələbi yerinə yetirməyən bəzi şagirdlər polisin zorakılığına məruz qalıb.
Şagirdlərdən bir qismi saxlanılıb, bir çoxu isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya aparılan şagirdlərdən 16 yaşlı Əsra Pənahi dünyasını dəyişib.