İranda qaz tankeri partlayıb, 230 nəfər zəhərlənib

İranda qaz tankerinin partlaması nəticəsində 230 nəfər zəhərlənib, 2 nəfərin vəziyyəti ağırdır.

Bu barədə İran Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım şöbəsinin sözçüsü Müctəba Xaledi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

O deyib ki, bu gün (cümə) yerli vaxtla saat 14:30-da İlam vilayətinin Sarablah bölməsinin Zəncirə kəndində bir xlor qazı daşıyan tankerin partlaması nəticəsində 230 nəfər zəhərlənərək xəsarət alıb.

O, zəhərlənənlərin qısa müddətdə xəstəxanalara yerləşdirilməsinə və hadisə yerinə təcili helikopterin göndərildiyini bildirib: “Hadisə səbəbindən 115-ci İlam Təcili Tibbi Yardım stansiyası hazır vəziyyətə gətirildi və dərhal zəhərlənənləri hadisə yerindən daşımaq üçün yardımçı qüvvələr göndərildi”.

Xaledi əlavə edib ki, 12 nəfər helikopterlə xəstəxanaya çatdırılıb: “Astma xəstəliyi olan 2 nəfərdən başqa digərlərinin ümumi vəziyyəti yaxşıdır, reanimasiya şöbəsində müalicə alırlar.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Share: